Dağ xizək idmanı üzrə İtaliya çempionu məşq zamanı həlak olub Hadisə

Dağ xizək idmanı üzrə İtaliya çempionu məşq zamanı həlak olub

19 yaşlı italyan xizəkçi Matilda Lorenzi məşq zamanı yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası məlumat yayıb.

“Biz Matilda Lorenzinin vəfatından çox kədərlənirik. Matilda Val Senalesdə Qravand G1 yamacında enərkən yıxılaraq faciəvi şəkildə həlak olub”, - deyə federasiyanın açıqlamasında bildirilib.

Lorenzi yıxıldıqdan sonra təyyarə ilə Bolanzodakı xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Keçən il Lorenzi İtaliya çempionatında yeniyetmələr arasında birinci olub, Fransada keçirilən yeniyetmələr arasında dünya çempionatında enişdə altıncı, super-G-də isə səkkizinci yeri tutub.