ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb Hadisə

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

İşçi və işəgötürənlər arasında əmək müqavilələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada bağlanması prosesi davam edir.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

ƏMAS-da işçi və işəgötürənlər tərəfindən e-qaydada artıq 700 mindən çox əmək müqaviləsi imzalanıb. Əmək müqavilələrinin e-sənəd formasında bağlanması ilə yanaşı, əmək müqaviləsinin dəyişdirilməsi və ya ona xitam verilməsi də e-qaydada icra olunur.

Həmin proseslər işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir. Müqavilənin bağlanması, dəyişdirilməsi və ya ona xitam verilməsi yalnız ƏMAS üzərində imzalandığı halda hüquqi qüvvəyə minir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli Qərarına əsasən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələli şəkildə (dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək, İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək) aparılır.

Nəzərinizə çatdırırıq ki, bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.