Rayon qeydiyyatı olan maşınların Bakıya girişinə qadağa qoyulur? Hadisə

Rayon qeydiyyatı olan maşınların Bakıya girişinə qadağa qoyulur?

10:48

Bakıda 11-22 noyabr tarixlərində keçirləcək COP29 tədbirləri zamanı paytaxtda sıxlığın qarşısını almaq üçün müəyyən addımlar atılır: artıq orta məktəblərdə bayram günləri də daxil olmaqla, 8 noyabrdan 24 noyabra qədər tətil elan edilib, ali məktəblərdə isə 14-22 noyabr tarixlərində tədris onlayn formada keçiriləcək. Eyni zamanda, COP29 zolaqları çəkilib, 11-13 noyabr tarixləri üçünsə bir çox yolların bağlanacağı rəsmən elan edilib.

Xalqcebhesi.az xəbər verir ki, sıxlığın qarşısını almaq üçün atılan addımlardan biri də rayonlardan həmin günlərdə Bakıya girişlərin məhdudlaşdırılması ilə bağlı təklifdir. Bir müddət öncə millət vəkili Fazil Mustafa belə bir qərarın mümkünlüyünə işarə etmişdi.

COP29 tədbirləri zamanı Bakıya girişdə hər hansı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulurmu? Və bu məhdudiyyət neçə gün ola bilər?

COP29 Azərbaycan Əməliyyat Şirkətinə mövzu ilə bağlı iki gündür verdiyimiz sorğu hələ də cavablandırılmayıb.

***

Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq.

Trend-in məlumatına görə, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəisi müavini Namidan Piriyev deyib.

O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaq.