Otellərdə yoxlamalar aparıldı: Nöqsanlar... Hadisə
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
AQTA-dan Xalqcebhesi.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində bu gün Agentlik tərəfindən paytaxtda yerləşən ootellərdən birində qidalanmanın təşkilinə nəzarət məqsədilə monitorinq keçirilib. Otelin qida blokunun qida təhlükəsizliyi tələblərinə uyğunluğu qiymətləndirilib.
Ümumilikdə Agentlik tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 otelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Onlardan 68-də qidalanmanın mövcud olmadığı məlum olub, 245-də isə qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 otelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. 2 otelin isə hazırda fəaliyyət göstərmədiyi məlum olub. Bu istiqamətdə nəzarət və tənzimləmə işləri davam etdirilir.
Bundan başqa, Agentlik tərəfindən ölkəmizin digər regionlarında yerləşən 159 otelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Hotellərlə yanaşı, Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə keytrinq xidməti ilə məşğul olan 48 obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı bir sıra müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib, müəssisə rəhbərlərinə icrasi məcburi göstərişlər verilib. Hazırda həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri davam edir.
Əlavə olaraq 10 rezidensiyada da qiymətləndirmə aparılıb. Qida bloklarının, mətbəxlərinin qiymətləndirilməsi zamanı həmin müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətində bir sıra uyğunsuzluqlar müəyyən edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.