İqlim dəyişiklikləri fonunda investisiya problemləri
20 Noyabr 23:28
Noyabrın 20-də “Xalq Cəbhəsi” qəzetinin fəaliyyətə başlamasının 23 ili tamam oldu. Bütöv Azərbaycan ideologiyasının sadiq təbliğatçılarından olan “Xalq Cəbhəsi” fəaliyyət göstərdiyi müddət ərzində milli dövlətçilik ənənələrinə sadiq olub, milli məsələlərə həssas yanaşıb və daim peşəkarlıq nümayiş etdirib.
Bir sıra ictimai xadimlər fəaliyyətə başlamasının 23-cü ildönümü münasibətilə “Xalq Cəbhəsi”nə təbrik ünvanlayıblar.
“Qəzet obyektiv araşdırmalarla cəmiyyətin maarifləndirilməsində xüsusi paya malik olan mətbu nəşrlərdəndir”
Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov: “Xalq Cəbhəsi” qəzeti müstəqil mətbuatın inkişafında, eyni zamanda, obyektiv, qərəzsiz araşdırmaların aparılmasında, cəmiyyətin maarifləndirilməsində xüsusi paya malik olan mətbu nəşrlərdəndir. Uzun müddətdir ki, bu qəzet ilə iqtisadçı ekspert olaraq əməkdaşlıq edirik. Daimi olaraq qəzetdə yer alan analiz və təhlillər, birmənalı şəkildə ölkədə iqtisadi islahatların dərinləşməsinə töhfə verən faktorlardandır. Bir mətbu orqan olaraq “Xalq Cəbhəsi” çalışır ki, vətəndaşlarımızın məlumatlandırılması, həmçinin əhalini düşündürən və qayğılandıran məsələlərlə bağlı həm həll mexanizmlərini təhlil vasitəsilə göstərsin, eyni zamanda, müstəqil mətbuatın inkişafına töhfə versin. O baxımdan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, hörmətli dostumuz Əli Zülfüqaroğlu daxil olmaqla bütün kollektivi təbrik edir və yeni-yeni uğurlar arzulayıram”.
“Xalq Cəbhəsi”nin hazırladığı analitik materialları yüksək qiymətə layiqdir”
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri, jurnalist Əziz Əlibəyli: “Bu dövrdə qəzetçiliyin keşiyində dayanan çox az, həmçinin məhdud ənənəsi olan qəzet var. Onlardan biri də “Xalq Cəbhəsi” qəzetidir. Bu qəzetin azərbaycançılıq ideyası ətrafında şaxələnməsinin özü həm də bir ideoloji qəzet olması anlamına gəlir. İndiki günümüzdə Azərbaycanın qlobal uğurları kontekstində “Xalq Cəbhəsi”nin kollektivinin hazırladığı materiallar, analitik düşüncələr, ölkənin ictimai-siyasi həyatının təhlil olunması yönündə görülən iş yüksək dəyərə, qiymətə layiqdir. O komandanın peşəkarlığı həm də Azərbaycan mediasının bu kontekstdə inkişafını da özündə əks etdirir. “Xalq Cəbhəsi” qəzeti xalqın da, onun cəbhəsinin də tribunasıdır. Biz bu qəzetə kağızdan fərqli olaraq onlayn qəzet kimi də baxsaq, həm də onun haqqını verməliyik ki, onlayn media dönəmində “Xalq Cəbhəsi”nin prinsiplərinin klassik jurnalistika ənənəsinə, sözə, təhlilə, peşəkar yanaşmaya söykənməsi bu mənada bizim tədqiqatlarımıza da adekvat cavab verir. Qəzetin bütün kollektivini təbrik edirəm və fəaliyyətində uğurlar diləyirəm”.
“Şərəfli və məsuliyyətli işdə sizə uğurlar arzulayıram”
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə: “Xalq Cəbhəsi” qəzetinin 23 yaşı münasibətilə qəzetin əvvəlki rəhbəri Elçin Mirzəbəylini, hazırkı baş redaktoru Əli Zülfüqaroğlunu və qəzetin bütün kollektivini təbrik edirəm. Şərəfli və məsuliyyətli işdə sizə uğurlar arzulayıram. “Xalq Cəbhəsi” hər zaman xalqımızın yanında olan bir qəzet olub. Özüm də qəzeti oxuyuram, saytını izləyirəm. Bu gün həm də əlamətdar bir gün - Ağdam şəhəri günüdür. Bu da çox gözəl bir günə təsadüf edir. Arzu edirəm ki, bundan sonra da zəfərimizlə, uğurlarımızla bağlı məlumatlar dərc etməyə davam edəsiniz. Bir daha bütün kollektivə uğurlar diləyirəm, 23 deyil, 123 yaşınızı qeyd edəsiniz. Eləcə də biz də sizin ünvanınıza xoş sözlərimizi, arzularımızı bildirək”.
“Azərbaycanın ən böyük davasında bu qəzetin özünəməxsus yeri var”
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət: “Xalq Cəbhəsi” qəzeti özünün milli təəssübkeş mövqeyi ilə həmişə diqqət çəkib. Azərbaycanın dövlət, milli maraqları bu qəzetdə hər zaman ön planda olub. Ümumiyyətlə bu qəzet fəaliyyət göstərdiyi bütün dönəmlərdə həqiqətən də milli davaya xidmət etməyi bacarıb. Yəni ötən 23 ili vərəqləsək bu qəzetin milli maraqlara tərs düşən hər hansı bir sözünü belə xatırlaya bilmərik. Azərbaycanın ən böyük davasında bu qəzetin özünəməxsus yeri var. İstər torpaqlarımızın işğaldan azad edilməsi, istər Bütöv Azərbaycan, istər böyük türk birliyi - bütün bu məsələlər həmişə “Xalq Cəbhəsi”nin səhifələrində yer alıb. Ümumiyyətlə, qəzetdə həmişə elə bir kollektiv fəaliyyət göstərib ki, o kollektivin üzvləri ayrı-ayrılıqda milli dövlət maraqlarına xidmət edən şəxslər olub və olmaqdadır. Təbiidir ki, bütün bunlar da təsadüfi deyil. 23 il böyük müddət deyil, amma az müddət də deyil. Nəzərə alsaq ki, Azərbaycanın müstəqilliyinin cəmi 34 yaşı var. Bunun böyük bir hissəsini də “Xalq Cəbhəsi” qəzeti öz səhifələrində ləyaqətlə işıqlandırıb. Təbrik edirəm”.
Röya İsrafilova