Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir Hadisə

Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarına görə Azərbaycan birinci yerdədir

Minalarla mübarizəyə qlobal dəstək 1,03 milyard ABŞ dolları təşkil edib. İlk dəfədir ki, minatəmizləmə üzrə illik maliyyələşmə bir milyardı ötüb, buna səbəb isə Ukraynaya artan maliyyə yardımıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanlı Kambocanın Siem Reap-Angkor şəhərində keçirilmiş “Minalardan Azad Dünya” Sammitinin yekunları və “Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, minalarla çirklənməyə məruz qalan 20 ölkə minalarla mübarizə üzrə milli proqramlarına ümumilikdə 227,3 milyon ABŞ dolları töhfə verib ki, bu da qlobal maliyyələşdirmənin 22 faizini təşkil edir: “Landmine Monitor Report 2024” hesabatında bildirilir ki, mina problemləri ilə məşğul olan milli qeyri-hökumət təşkilatlarına birbaşa beynəlxalq yardımın 1 faizdən də az hissəsi ayrılır. Minalarla mübarizəyə ayrılan beynəlxalq dəstəyin yalnız 6 faizi qurbanlara yardım proqramlarına yönəldilib”.

“Hesabatda, həmçinin “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin hazırladığı hesabata istinad olunaraq və digər ölkələrdən alınmış məlumatlara əsaslanaraq göstərilir ki, minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarında Azərbaycan Respublikası birinci yerdədir. Ölkəmiz minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu Konvensiyanın universalizasiyasına yönəlib və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Ölkədə minaların təmizlənməsini həyata keçirir, mina təhlükəsinə dair maarifləndirmə proqramları davam etdirilir”, - deyə H.Səfixanlı əlavə edib.