Diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri müəyyənləşir Hadisə

Diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri müəyyənləşir

Diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanlarının əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunması;

- Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunması və təmin olunması;

- Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərinin, sülhün və əməkdaşlığın inkişaf etdirilməsi;

- beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xarici siyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstək verilməsi;

- xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının və qanuni mənafelərinin xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiəsi;

- Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin əlaqələndirilməsi;

- beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətinin təhlili;

- Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrinin, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrinin həyata keçirilməsi;

- xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsi;

- Azərbaycan Respublikasının dövlət protokolunun təmin olunması;

- konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsi.

Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş digər istiqamətlərdə də fəaliyyət göstərə bilərlər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.