Yüksək ixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşir Hadisə
Yüksək ixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Miqrasiya Məcəlləsinə təklif edilən 3.0.10-1-ci maddəyə əsasən, yüksək ixtisaslı miqrant dedikdə yüksək ixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur.
Qeyd edək ki, "Yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamı əsasında ölkəmizdə yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə "Yüksək ixtisaslı Miqrant Proqramı təsis edilib.
Qanun layihəsində yüksək ixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir. Layihədə yüksək ixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Məcəllənin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksək ixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksək ixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.
Həmçinin "Dövlət rüsumu haqqında" qanuna əlavə edilməsi nəzərdə tutulan 14.8.2-1-ci və 14.8.5-1-ci maddələrin tələblərinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksək ixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması (müvəqqəti yaşamaq icazəsi vəsiqəsinə görə 5 iş günü, daimi yaşamaq icazəsi vəsiqəsinə görə 10 gün qısaldılması) nəzərdə tutulur.
Bundan başqa, qanunun 18.58-1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən iş icazəsinin verilməsi və onun müddətinin uzadılmasına görə həmin norma ilə müəyyən edilmiş qısaldılmış müddətin yüksək ixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına da şamil edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.