Dələduzluqla bağlı həbs edilən bağça direktorunun məhkəməsi başlayıb Hadisə

Dələduzluqla bağlı həbs edilən bağça direktorunun məhkəməsi başlayıb

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəməsi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Baxış iclası dekabrın 23-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.