Əsgərliklə bağlı qanunvericiliyə edilən dəyişikliklər bunlardır: Komitə sədri detalları açıqladı Hadisə
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev ölkəmizdə çoxlarının gözlədiyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikləri təqdim etdi.
Xalqcəbhəsi.az-ın məlumatına görə Komitə rəhbəri öncə bildirdi ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin göstərişinə əsasən, hərbi sahədə aparılan islahatlar xalqımız tərəfindən alqışlanır və bu mühüm sahəyə olan diqqətin təzahürü kimi qiymətləndirilir: “Bu islahatlar arasında ən mühüm məsələlərdən biri də həqiqi hərbi xidmətə çağırış məsələsidir. Bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apardığı işlər də təqdirəlayiq hal kimi dəyərləndirilir.
44 günlük müharibədə qalibiyyətimizdən sonra hərbi çağırışla bağlı bir sıra qanunlarda dəyişiliklər nəzərdə tutulub və bu gün birinci oxunuşa təqdim olunur”.
A.Nağıyev ardınca bildirdi ki, qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi șəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb:
“Layihəyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “tibbi șəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilir. Təklif olunan dəyişikliklərdə vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilməsi və hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılması nəzərdə tutulur. Layihəyə əsasən, çağırışaqədər yaș həddində olan vətəndașlara və çağırışçılara çağırıș vərəqələri elektron formada vətəndaşın elektron kabinetində yerləşdiriləcəkdir və bu barədə SMS məlumat çatdırılacaqdır. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub”.
Komitə sədri qeyd etdi ki, bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaș həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunur: “Eyni zamanda, layihədə ilkin hərbi qeydiyyatın müddəti, habelə təşkilatlar tərəfindən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının müvafiq icra hakimiyyəti oqanına təqdim edilməsi müddəti uzadılır. Çağırışçılar barəsində çağırış komissiyaları tərəfindən qəbul edilmiş qərarlar onlara 10 gün müddətində deyil, 3 gün müddətində bildiriləcək. Layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşların tibbi müayinədən keçməsi müddəti çağırışa 2 ay qalmış müddətdə müəyyən olunur”.
A.Nağıyevin sözlərinə görə, yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə qanunda əks olunur: “Belə ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcəkdir. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna təklif edilən digər dəyişikliyə əsasən səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyì orqanın (qurumun) informasiya sistemində yerləşdiriləcək və həmin məlumat vətəndaşın tanış olması üçün Elektron Hökumət Informasiya Sisteminə göndəriləcək. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan qeyd hissəsində “çağırışdan boyunqaçırma” əməlinin nədən ibarət olması dəqiq
müəyyən olunur. Belə ki, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi șəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür”.
Komitə sədri dedi ki, buna uyğun olaraq Miqrasiya Məcəlləsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hallarına yeni halın əlavə edilməsi təklif olunur. İnzibati Xətalar Məcəlləsində çağırışçılar və hərbi vəzifəlilər haqqında aidiyyəti orqanlar tərəfindən məlumatların vaxtında verilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən maddənin dispozisiyası dəqiqləşdirilir və bu inzibati xətaya görə məsuliyyət sərtləşdirilir.
Digər qanunlara dəyişikliklər isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda mövcud olan müddəalardan va bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir.
Qanun layihəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və Milli Məclisin müvafiq şöbəsinin iştirakı ilə müzakirə edilib və yekdilliklə birinci oxunuşda plenar iclasa tövsiyyə edilib.
A.Nağıyev sonda bunları bildirdi: “Komitə iclasındakı müzakirələrdən sonra Sosial şəbəkələrdə və Kivlərdə olan materiallardan da görünür ki, dəyişikliklər müsbət hal kimi dəyərləndirilir və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin göstərişinə əsasən hərbi sahədə aparılan islahatlar alqışlanır”.