Qazaxıstan FHN AZAL-a məxsus təyarənin qəzaya uğraması barədə rəsmi məlumat yayıb Hadisə

Qazaxıstan FHN AZAL-a məxsus təyarənin qəzaya uğraması barədə rəsmi məlumat yayıb

“Azerbaijan Airlines” şirkətinə məxsus “Embrayer 190AR” təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 69 nəfər olub.

Bu barədə APA-ya Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 11:00 radələrində Mərkəzi Dispetçer Məntəqəsinə sözügedən təyyarənin qəza vəziyyəti elan etdiyi və Aktau havalimanına eniş icazəsi istədiyi barədə məlumat daxil olub.

Əraziyə dərhal Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin canlı qüvvə, eləcə də texniki vasitələri cəlb edilib.

Bundan sonra 11:30 radələrində həmin təyyarənin havalimanının 3 kilometrliyində qəzaya uğradığı və ərazidə yanğın başladığı haqqında məlumat alınıb.

Təyyarə qəzası ilə bağlı operativ məlumatlandırmanı təmin etmək məqsədilə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Qvardiya və digər səlahiyyətli orqanların rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.

Qəzanın nəticələrinin aradan qaldırılmasında Mülki Müdafiə Qoşunlarının 82 xüsusi texnikası və 701 nəfərlik şəxsi heyəti, Qazaxıstan FHN-in xüsusi təyyarəsi, eləcə də sanitar aviasiya dəstəsi cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın 11:45-də lokallaşdırılıb, 12:05-də isə tam söndürülüb.

Yerli vaxtla saat 14:10-da aralarında 2 azyaşlı olmaqla 29 nəfər müvafiq tibb məntəqələrinə çatdırılıb.

Eyni zamanda Astanadakı Mərkəzi Komanda Məntəqəsində xüsusi qərargah yaradılıb.

Qərargahın telefon nömrələri: +77172-55-96-21, +7717255-96-83.

Hadisə ilə bağlı informasiyanın əldə olunması üçün Manqistau Fövqəladə Hallar Xidmətinin +7717292-31-90-91 nömrəsi ilə də əlaqə saxlamaq mümkündür.