Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançı həbs olunub Hadisə

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançı həbs olunub

Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılır.

Saxlanılanlardan biri Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Hazırda məhkəmədə Elnur Həmidov və Musa Əhmədov barəsində təqdimatlara baxılır.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.