Ötən il Bakıda qeydə alınan 14925 cinayətin 88 faizi açılıb Hadisə

Ötən il Bakıda qeydə alınan 14925 cinayətin 88 faizi açılıb

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, müşavirəni giriş nitqi ilə Baş prokuror Kamran Əliyev açıb.

Kamran Əliyev tərəfindən qeyd edilib ki, əvvəlki ildə olduğu kimi 2024-cü ildə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqları tərəfindən vətəndaşların qəbulu həyata keçirilməklə qəbulda olmuş ümumilikdə 587 vətəndaşın müraciətləri üzrə müvafiq tədbirlər görülüb. Hesabat dövründə görülmüş işlərə münasibətdə isə diqqətə çatdırıldı ki, Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində zəruri işlər görülüb.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 084 manatının (73,2%) ödənilməsi təmin olunmuşdur. Bundan əlavə 2024-cü ildə Bakı şəhər prokurorluq orqanlarına 21411 müraciət daxil olmuş, həmçinin Bakı şəhər Prokurorluğunda 2387, tabe rayon (şəhər) prokurorluqlarında isə 6831 olmaqla, ümumilikdə 9218 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Həmçinin vurğulanıb ki, 2024-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14925 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,8 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə qurulmuş peşəkar əməkdaşlıq münasibətləri zəminində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə qeydə alınmış 50, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib.

Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilmiş, 15 əməkdaşa xəbərdarlıq edilib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.