Komitə sədri Göygöl şəhərində yerləşən dini ibadətgahların fəaliyyəti ilə tanış olub Hadisə

Komitə sədri Göygöl şəhərində yerləşən dini ibadətgahların fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 30-da Göygöl şəhəri “Heydər” məscidini və “Müqəddəs İohan kilsəsi”ndə yerləşən Tarix diyarşünaslıq muzeyini ziyarət edib.

Göygöl şəhəri “Heydər” məscidində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı Komitə sədri Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl siyasəti nəticəsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına göstərilən həssas münasibətin önəmini vurğulayıb. Ölkəmizə qarşı yönələ biləcək ideoloji təxribatların qarşısının alınmasında, gənclərin milli ruhda tərbiyəsində dini maarifləndirmənin prioritet istiqamətlərdən biri olduğunu qeyd edən Ramin Məmmədov bildirib ki, din xadimlərinin ən ali məqsədlərindən biri milli-mənəvi dəyərləri təşviq etməkdir. Komitə sədri, həmçinin dindən müxtəlif mərkəzlərin maraqlarının reallaşdırılması aləti kimi istifadə edilməsi, eləcə də dini fərqliliklərin cəmiyyətin qütbləşməsinə yönəldilməsi cəhdlərinin qarşısının almasında din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

Görüş zamanı rəy və təkliflərini səsləndirən din xadimləri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın himayəsi ilə Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, təbliği sahəsində atılan addımlardan məmnunluqlarını dilə gətiriblər.

Daha sonra “Müqəddəs İohan kilsəsi”ndə yerləşən Tarix diyarşünaslıq muzeyini ziyarət edən Komitə sədri Azərbaycanın bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasına unikal nümunə olduğunu bildirib. Ramin Məmmədov ölkə rəhbərliyi tərəfindən dini ibadət yerlərinin qorunması və bərpasına göstərilən diqqət və qayğının multikulturalizm ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, həm Sovetlər zamanı ziyan görmüş, həm də işğal dövründə vandalizmə məruz qalmış tarixi-dini abidələrin bərpası, ehtiyac olan yerlərdə yeni ibadət evlərinin inşasına dəstək verilməsi tolerantığın təşviqinə yönəlmiş dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Cavid