“Qərargah zabiti kursu”nun buraxılışı oldu - Foto Hadisə
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “Qərargah zabiti kursu”nun 1-ci buraxılışına həsr olunmuş tədbir keçirilib.
Bu barədə Xalqcebhesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək kursu müvəffəqiyyətlə bitirən zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara uğurlar arzulayıb. General-mayor G.Əbdülov Azərbaycan Ordusunda aparılan islahatlar, o cümlədən yeni hərbi idarəetmə təhsil sistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, “Qərargah zabiti kursu”nun zabitlərin xidməti vəzifələrinə hazırlanmasında mühüm rol oynayacağını bildirib.
Məzunlar adından çıxış edən kurs birincisi mayor Tural Abbasov yaradılan şəraitə, eləcə də kursun yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyi və Milli Müdafiə Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını bildirib.
Sonda kursu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Qərargah zabiti kursu” müasir çağırışlara cavab verə biləcək peşəkar hərbi qulluqçuların yetişdirilməsi məqsədilə hərbi təhsil sistemində aparılmış əsaslı islahatlar nəticəsində yaradılmış yeni hərbi idarəetmə təhsil sisteminin mühüm hissəsidir. Bu sistem “Xidmətboyu təhsil konsepsiyası”na əsaslanır və Azərbaycan Ordusunun hərbi qulluqçularının növbəti vəzifələrə hazırlanması üçün bütün xidmət müddətinə yayılmış ardıcıl, bir-birini tamamlayan sistemli təhsil imkanlarını ehtiva edir. Hərbi idarəetmə təhsil sistemi çərçivəsində həyata keçirilən kurslar aşağıdakı qaydadadır:
- qoşun (qüvvə) növü qərargahlarında xidmət edəcək gizirlərin hazırlanması üçün “Yuxarı qərargah giziri kursu”;
- tabor səviyyəsində “Təməl qərargah zabiti kursu”;
- briqada səviyyəsində “Qərargah zabiti kursu”;
- korpus və ordu səviyyəsində “İdarəetmə akademik kurs”;
- qoşun (qüvvə) növləri arasında strateji səviyyədə “Müştərək idarəetmə kursu”;
- ali rütbəli zabitlər üçün “Strateji liderlik və milli təhlükəsizlik kursu”;
- hərbi-siyasi səviyyədə “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”;
- “Hərbi və dövlət müdafiəsini idarəetmə” və “Menecment” ixtisasları üzrə magistratura proqramları.