Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı Hadisə

Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı

Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Aqşin Salam oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı suların açıq şəraitdə qablaşdırıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, qabların yuyulub doldurulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub.

Baxış zamanı digər istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı su bidonlarının doldurularaq satışa çıxarıldığı müəyyən edilib. Həmçinin emal sahəsində qablaşdırılma tarixi qeyd edilməyən 100 ədəd 19 litrlik müxtəlif əmtəə nişanlı su bidonu aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.