Vardanyanın "Nemezis-2" əməliyyatı: Diplomatlara qarşı... Hadisə

Vardanyanın "Nemezis-2" əməliyyatı: Diplomatlara qarşı...

Ruben Vardanyan Azərbaycanın xaricdəki diplomatlarına qarşı “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur.

Xalqcebhesi.az xəbər verir ki, bu, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində elan olunan ittiham aktında qeyd edilib.

Bildirilib ki, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.

Qeyd edək ki, "Nemezis" - Daşnaksütyunun partiyasının türk və azərbaycanlı diplomatlara, siyasi və dövlət xadimlərinə qarşı terror əməliyyatıdır. Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Tələt Paşa, Camal Paşa, Səid Hilmi Paşa, Behbud xan Cavanşir və s. bu terror hücumları nəticəsində qətlə yetirilmişlər.