MEK-də Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub Hadisə

MEK-də Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tədbir keçirilib.

MEK-dən xalqcəbhəsi.az-a verilən xəbərə görə, tədbirdə Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin beşinci sinif şagirdləri, müəllimləri və kitabxana əməkdaşları iştirak ediblər.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbiri giriş sözü ilə açaraq günün tarixinə nəzər salıb və 2012-ci ildən qeyd edilən bu bayramın kitaba məhəbbəti olan bütün insanları birləşdirdiyini bildirib. Direktor vurğulayıb ki, uşaqlarda və gənc nəsildə mütaliə həvəsini artırmaq üçün dünyanın bir çox ölkəsində kitab bağışlama aksiyaları keçirilir və MEK də bu ənənədən geri qalmır.

H.Hüseynov MEK-in fondunda olan dəyərli nəşrlərdən “Dahilərin ömür yolu”, “Halal çörək”, “Yeddi”, “İmperiyanın süqutu”, “Azərbaycanda milli-mənəvi dəyərlər”, “Ovçu” və digər kitabları məktəblilərə hədiyyə edib. Məktəbin kitabxana müdiri Sevinc Hüseynova çıxışında bu cür tədbirlərin gənc nəsildə kitablara marağı artırdığını qeyd edib və belə gözəl təşəbbüsləri dəstəklədiyini bildirib.

Tədbir zamanı şagirdlər kitab və mütaliə haqqında aforizmlər səsləndirib, kitabxana ilə yaxından tanış olublar.

Eyni zamanda, Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə MEK-in bir qrup əməkdaşı Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbirə qatılaraq iştirakçılara kitablar hədiyyə ediblər.