Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb Hadisə

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

APA xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 37 ailə - 212 nəfər köçürülüb.

Budəfəki karvanda Biləsuvar rayonundan – 14 ailə (75 nəfər), Bakı şəhərindən – 13 ailə (78 nəfər), Abşeron rayonundan – 6 ailə (36 nəfər), Sumqayıt şəhərindən – 4 ailə (23 nəfər) doğma yurduna qayıdır.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.