

Vüqar Məmmədəliyev- 50
“Teatr ağır sahədir və adamdan zəhmət tələb edir. Aktyorların səhnədə harada səhv etdiyini yalnız özləri və həmkarları bilirlər. Tamaşaçı bunu hiss etmir. Kinodan fərqli olaraq teatrda elədir ki, aktyor axırıncı cərgədə oturan tamaşaçıya da öz hislərini çatdırmağı bacarmalıdır. Ancaq kinoda bütün bu işləri kamera görür. Bu da aktyora daha çox rahatlıq gətirir və işlərini asanlaşdırır. Əslində mən teatr aktyoruyam, ancaq kinoda da az çəkilməmişəm...”
Bu sözlər, haqqında söhbət açmaq istədiyim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüqar Məmmədəliyevə məxsusdur. O, 23 fevral 1975-ci ildə Sumqayıt Şəhərində dünyaya gəlib. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Gənclər Teatrının, 1999–2000-ci illərdə isə "İlham" Miniatür teatrının aktyoru olub. 2006-cı ildən Bakı Kamera Teatrının, 2009-cu ildən isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur...
Deyir ki:- “Hələ orta məktəbdə oxuyarkən aktyor olmaq istəyirdim. Ümumiyyətlə, incəsənət həmişə mənə maraqlı olub. Bir zamanlar Sumqayıt Teatrı bütün Azərbaycana səs salmışdı. Rəhmətlik Rövşən Almuradlının hazırladığı “Dəyirman” tamaşasındakı dörd balaca uşaqdan biri mən olmuşam. Elə həmin tamaşadan da başlamışam səhnədə rol ifa etməyə. Onda çox kiçik idim. Və heç vaxt danmıram, mənim üzərimdə Təranə Mahmudovanın zəhməti çox böyük olub. Məni İncəsənət Universitetinə o xanım hazırlaşdırıb. Orta məktəbi bitirən il bir bal çatmadığı üçün, ali məktəbə qəbul ola bilmədim. Heç atam da istəmirdi ki, mən İncəsənət Universitetinə sənəd verim. Amma qərarım qəti idi. Nəhayət növbəti il İncəsənət Universitetinin tələbəsi oldum...”
Dərin emosional quruluşa, optimist bir təbiətə malikdir, çox güclü hissləri var. Adamlarla münasibətdə səbirli, mərhəmətli və diqqətlidir. Həmsöhbəti danışarkən, onu saatlarla dinləməyi bacarır. Amma kiminsə əziyyət çəkməsinə dözümsüzdür, kömək etmək üçün əlindən gələni əsirgəməməyə hazırdır. Yüksək mənəviyyatı, sədaqəti onu həmişə insanlara sevdirə bilib və sevdirir də...
“Ali məktəbi bitirəndən sonra Əkrəm Əylislinin “Yazığam, sevmə məni” adlı əsəri əsasında tamaşa hazırlanırdı. Orda mənə parlaq görünən bir rol verildi. Ondan sonra rəhmətlik Hüseynağa müəllim mütəmadi olaraq mənə tamaşalarda öndə olan rol verirdi. Görünür, rəhmətliyin etimadın doğrultmuşdum. Doğrudur, heç zaman baş rol oynamağa can atmamışam. Teatrda elə aktyorlar var ki, baş rol ifa etməkdən ötrü az qalır özlərin öldürsünlər. Bir aktyor kimi mən həmişə belə düşünürəm ki, rol kiçik də ola bilər. Yetər ki, həmin rol yaxşı rol olsun. Xarakterik rolları çox sevirəm.”- söyləyir...
İnanılmaz dərəcədə romantik və sevgi dolu adamdır. Eyni zamanda, çox güclü intuisiyaya malikdir, xəyal qurmağı, macəraları, romantikanı xoşlayır. Səxavətinə söz ola bilməz, son tikəsini bölməyə hazırdır. Yaxşı bilir ki, insan bölüşə-bölüşə xoşbəxt olur...
Deyir ki:- “Bəzən aktyoru kinoya dəvət edəndə, aktyor umduğu qonararı söyləyir və hərə bir tərəfdən deyir ki, sən heç teatrda bu qədər maaş almırsan. Niyə yüksək qonarar istəyirsən? Mən həmişə bu məsələdə aqressiv oluram. Adama deyərlər ki, bəlkə mən teatrda bir tikə çörəyə çalışmalıyam? Məni aktyor kimi rola dəvət etmisən, mən də öz qonarar qiymətimi deyirəm. Sənə uyğundur razılaş, uyğun deyilsə “yox” de.”
Teatrda otuza yaxın obraz yaradıb, ona yaxın filmdə isə müxtəlif rolları canlandırıb. Onun oynadığı filmlərdən “Yanmış körpülər”, “Aşiqlər”, “Qardaşımdan yaxşısı yox idi”, “Səhərə inan”, “Bir ovuc torpaq”, “Ömür elə qısadır ki...”, “Oğlan evi” kimi filmləri nümunə göstərmək olar...
Fevralın 23-ü Vüqar Məmmədəliyevin 50 yaşı tamam olur. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram...
Elman Eldaroğlu