

Azərbaycan Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə qoşulur.
APA xəbər verir ki, Prezident İlham Əliyev ‘“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydası, emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsinin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə uyğunlaşdırılmasını təmin etməlidir.
Nazirlər Kabineti eyni zamanda, dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etməli, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin iştirakçıları ilə qarşılıqlı əlaqələrinin qurulmasından irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.