

Azərbaycan xalqına qarşı etnik təmizləmə və genosid aktı olan Xocalı qətliamı keçmiş Dağlıq Qarabağ münaqişəsi çərçivəsində törədilmiş ən dəhşətli faciədir. Bu faciə erməni hərbi-siyasi dairələrinin Qarabağda apardığı etnik təmizləmə siyasətinin əsas hissəsi olub. Ermənistan silahlı qüvvələri və sovet ordusunun 366-cı motoatıcı alayı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edib, mülki əhaliyə qarşı amansız qarğın, etnik təmizləmə aktı törədib.
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan torpaqları işğala məruz qalıb. Xocalı şəhəri bu münaqişənin ən faciəvi qurbanlarından biri olub. Ermənistan qarşısına Qarabağda azərbaycanlı əhalini məhv edərək bölgəni tam nəzarətə götürmək məqsədi qoymuşdu. Xocalı şəhəri strateji baxımdan mühüm əhəmiyyətə malik idi.
Buna görə də Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edib, bir neçə saat ərzində şəhər yerlə-yeksan edilib, əhalisi isə amansızcasına qətlə yetirilib. Qaçmağa çalışan dinc sakinlər meşələrdə, dağlarda soyuqdan və güllə yağışından həlak olub.
İlkin mərhələ: 1991-ci ilin sonu - 1992-ci ilin əvvəli
1991-ci ilin oktyabr ayından başlayaraq Xocalı şəhəri tam mühasirəyə alınmışdı. Şəhərlə digər bölgələr arasında əlaqə kəsilmiş, ərzaq və tibbi yardımın çatdırılması çətinləşmişdi. 1992-ci ilin yanvar ayında şəhərin elektrik enerjisi verilişi tam dayandırılmışdı.
Faciənin baş verməsi: 25-26 fevral 1992-ci il
Ermənistan silahlı qüvvələri və sovet ordusunun 366-cı alayı fevralın 25-i axşam şəhəri top və ağır texnika atəşinə tutmağa başladı. Onlar fevralın 26-sı gecə saat 01:00 radələrində Xocalıya hər tərəfdən hücuma keçdi, şəhər atəşə tutuldu və yanğınlar baş verdi. Fevralın 26-sı səhər saat 05:00 radələrində erməni silahlı dəstələri şəhərə daxil oldu və dinc əhaliyə qarşı kütləvi qətliam həyata keçirdi.
1991-ci ildən etibarən Xocalıya aparan yollar erməni silahlı qüvvələri tərəfindən nəzarətə götürülmüş, şəhərin yeganə nəqliyyat bağlantısı olan helikopterlərin uçuşu da dayanmışdı. Çünki 1992-ci ilin yanvarında Şuşa yaxınlığında Azərbaycan helikopteri vurulmuş, xeyli insan həlak olmuşdu. Bu hadisədən sonra bölgəyə helikopterlərin uçuşu dayandırılmışdı.
Şəhərdə bir neçə mühüm müdafiə mövqeyi olsa da, onların əksəriyyəti ağır texnika ilə təchiz olunmuş düşmən qüvvələrinə qarşı dayana bilmirdi. Xocalı aeroportu əsas strateji nöqtələrdən biri idi, lakin qətliamdan əvvəl düşmən nəzarətinə keçmişdi.
Nəticələr və insan itkisi
Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.
Beynəlxalq reaksiya
Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Bu məqsədlə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən "Xocalıya Ədalət" kampaniyası başladılıb. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq səviyyədə soyqırımı kimi tanınması və bu qətliamı törədənlərin cəzalandırılmasını təmin etməkdir.
Xocalı soyqırımını tanıyan ölkələr
Xocalı soyqırımını tanıyan ölkələrin sayı 16-dır. Bu ölkələr arasında Meksika, Pakistan, Kolumbiya, Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Honduras, Rumıniya, Sudan, İordaniya, Sloveniya, Şotlandiya, Cibuti, Panama, Qvatemala və Latviya yer alır. Həmçinin, ABŞ-ın 24 ştatı Xocalı soyqırımını tanıyıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı faciəsini soyqırımı kimi qəbul edib.
Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə qəbul etdiyi qərarda Xocalı qətliamını “müharibə cinayəti və ya insanlığa qarşı cinayət” kimi qiymətləndirib.
Beynəlxalq hüquq normalarına əsasən, bu hadisə BMT-nin 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına uyğun olaraq soyqırımı kimi dəyərləndirilməlidir. İnsan hüquqları üzrə beynəlxalq təşkilatlar faciəni pisləsə də, Ermənistan tərəfinə qarşı konkret sanksiyalar hələ də tətbiq olunmayıb.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Müxtəlif cinayətlərdə, o cümlədən Xocalı soyqırımında təqsirləndirilən ermənilərin məhkəməsi
1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının 3-cü maddəsində deyilir ki, soyqırımını törədənlər, soyqırımını törətməyə yönəlmiş gizli sövdələşmə aparanlar, soyqırımını törətməyə birbaşa və açıq təhrik edənlər, soyqırımını törətməyə yönəlmiş qəsdin iştirakçıları, o cümlədən soyqırımında iştirak edənlər cəzalandırılmalıdırlar.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi zamanı həbs olunaraq Bakıya gətirilən, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməni əsilli şəxslərin - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Ruben Vardanyan və diglərinin hazırda məhkəməsi keçirilir.
Xocalı soyqırımını, eləcə də Azərbaycan xalqına qarşı çoxsaylı müharibə cinayətləri törətməkdə təqsirləndirilən bu şəxslər indi ədalət məhkəməsi qarşısında cavab verirlər.