Məktəbdə ona "Eynşteyn" deyirdilər... Hadisə

Məktəbdə ona "Eynşteyn" deyirdilər...

Şux qaməti, sərt baxışları ona xüsusi yaraşıq verirdi. Sədaqətli dost, etibarlı yoldaş idi. Təmtərağı xoşlamasa da, ləzzətli yeməklərdən zövq alırdı. Elə ona görə də yeyib-içməyi xoşlayırdı. Haradan eşitdiyimi unutmuşam- “Yeyib-içən adam heç vaxt yaman olamyır...” El dilində söylənən bu kəlmələr ona da yapışırdı...
1954-cü ildə Qubanın ucqar dağ kəndlərindən biri- İspikdə dünyaya gəlmişdi. Qayğısız uşaqlıq illərini, yeniyetmə çağlarını həmin kənddə keçirmişdi. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub, beş il indiki Bakı Dövlət Universitetinin Filologiya fakultəsində ali təhsil almışdı. On iki il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant, kiçik elmi işçi, baş elmi işçi kimi müxtəlif vəzifələrində çalışmışdı. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim, dosent, professor kimi fəaliyyət göstərmişdi. 2007-ci ildə yenidən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna dönərək, 2013-cü ilədək orada "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində baş elmi işçi vəzifələrində işləmişdi. 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və dillər" kafedrasının professoru kimi elmi-pedoqoji fəaliyyətini davam etdirmişdi. 2016-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. 24 fevral 2025-ci ildə haqqa qovuşub...
Elmi xidmətlərinə görə akademik Yusif Məmmədəliyev mükafatının laureatı adına layiq görülüb. 2010-cu ildə isə müəlliflərindən biri olduğu "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatını alıb...
1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnmişdi. 1985-ci ildə SSRİ Yazıçılar İttifaqına, sonradan Azərbaycan Yazıçılar Birliyinə üzv kimi qəbul olunmuşdu...
Deyirdi ki,- “Nəslimiz yeyib-içən, şən, davakar nəsil idi. Dalaşmağa adam tapmayanda, adi bir şeyi bəhanə edib bir-birlərini döyürdülər. Bir neçə saatdan sonra ağız-burunlarının qanını yuyur, bir süfrədə çörək yeyirdilər. Dalaşanda onları heç kim ayırmırdı. Çünki ayıranda daha çox qızışırdılar”...
Həyəcan hissi ona yad idi. Nə qədər çətin vəziyyətə düşsə də çöhrəsindəki təbəssümü qoruyub saxlaya bilirdi. Güclü təxəyyülü vardı. Böyük ürəkli, zəngin ideyalarla dolu insandı. Maraq dünyası çox geniş idi. Bəzən ona elə gəlirdi ki, yetkin təfəkkür hər kəsə məxsusdur, elə ona görə də hamıya yüksək qiymət verib, sayğıyla yanaşırdı. Daima yeni-yeni insanlarla görüşə can atırdı. Səyahət etməyi xoşlayırdı. Romantikası çox güclüydü, dünyanı gəzib görmək arzusu heç zaman onu tərk etmirdi...
Orta məktəbdə oxuyanda çox savadlı olduğundan ona "Eynşteyn” deyirdilər, amma əsl adı Nizaməddin, soyadı Şəmsizadə idi...
Allah rəhmət etsin!
Elman Eldaroğlu