Eskişehirdə Xocalı Soyqırımının 33-cü ildönümü anım konfransı keçirilib Hadisə

Eskişehirdə Xocalı Soyqırımının 33-cü ildönümü anım konfransı keçirilib

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunan “Xocalı Soyqırımı: Unutmadıq, Unutmayacağıq!” adlı anım konfransı geniş iştirakla keçirildi. Tədbirdə, 26 fevral 1992-ci ildə baş vermiş Xocalı Soyqırımı zamanı həyatını itirənlər yad edilərək beynəlxalq ictimaiyyətə “Xocalıya Ədalət!” çağırışı edildi.

Konfrans Anadolu Universiteti Jurnalistika ixtisası tələbəsi Nərmin Qasımzadənin aparıcılığı ilə baş tutdu. Tədbir, şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut, ardından Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıldı. Açılış nitqini Eskişehir Azərbaycanlılar Dərnəyi sədr müavini Sirac Yaquboğlu etdi. Yaquboğlu, Xocalı Soyqırımının təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq yarası olduğunu vurğulayaraq, ədalət mübarizəsinin davam etdiyini qeyd edib.

Yaquboğlunun çıxışından sonra Barama Production və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə hazırladığı Xocalı Soyqırımına həsr olunmuş xüsusi video tamaşaçılara nümayiş etdirildi. Video, Xocalıda baş verən insanlıq faciəsini və Azərbaycan xalqının ədalət uğrunda mübarizəsini əks etdirib.

Daha sonra söz alan Eskişehir Türk Ocağının sədri Prof. Dr. Nedim Ünal, Xocalı Soyqırımının tarixi çərçivədə qiymətləndirilməsinin əhəmiyyətindən danışaraq, Türk dünyasının birliyinin vacibliyini vurğuladı. O, tarixdən dərs çıxarmağın zəruriliyini ifadə edərək, “Dünən baş verənləri unutsanız, tarix sizi bağışlamaz.” sözləri ilə iştirakçılara tarixi unutmağın təhlükələri barədə çağırış edib.

Konfransın əsas məruzəçisi Beynəlxalq Münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu, Xocalıda baş verənlərin beynəlxalq hüquq çərçivəsində soyqırım kimi tanınmasının vacibliyini qeyd edərək, cinayətkarların məsuliyyətə cəlb olunmasının əhəmiyyətini vurğuladı. O, eyni zamanda, Qarabağın 2020-ci ildə işğaldan azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edərək, bu prosesin siyasi və diplomatik nəticələrindən danışıb.

Konfransın bağlanış nitqini Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, Uzman Əczaçı Cavid Aydın etdi. Cavid Aydın, Xocalı Soyqırımının unudulmamasının və bu cür tədbirlərin gənc nəsillərə tarixi doğru çatdırmaq baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı. O, çıxışının sonunda “Soyqırımı unutmayın! Çünki unudulan hər soyqırım təkrarlanır.” sözləri ilə Aliya İzzetbeqoviçin fikrini xatırladaraq, ədalət axtarışının davam etdirilməsinin vacibliyini qeyd edib.

Çıxışından sonra, konfransın məruzəçisi Mehmet Gökhan Özçubukçuya proqramın xatirəsinə plaket təqdim edilib.

Tədbir, şəhidlərə ehtiramın və ədalət axtarışının bir daha vurğulanması ilə başa çatıb.

Cavid