

İlk kütləvi məzarlıqlar 2021-ci ilin fevral ayının 17-də Şuşa rayonunun Daşaltı qəsəbəsində aşkarlanıb. Orada aşkarlanmış iki kütləvi məzarlıqdan 28 nəfərə aid meyit qalığı ekshumasiya edilərək götürülüb.
Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O qeyd ediv ki, Daşaltı qəsəbəsində aşkarlanmış meyit qalıqları üzrə 14 itkin şəhidin eyniləşdirilməsi mümkün olub: “Həmin şəxslər 26 yanvar 1992-ci il tarixdə Daşaltı qəsəbəsi uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan hərbçiləridir.
Sonrakı dövrdə isə işğaldan azad olunmuş ərazilərimizdə daha 21 kütləvi məzarlıq aşkar edilib, qazıntı işləri həyata keçirilib. Bütövlükdə aşkar edilmiş 23 kütləvi məzarlıqdan Birinci Qarabağ müharibəsində itkin düşmüş 187 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq götürülüb. Həmin meyit qalıqları üzrə 59 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilib”.
Eldar Səmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış 23 kütləvi məzarlığın hər birində ikidən çox şəxsə aid insan qalığı tapılıb: “Yuxarıda qeyd etdiyim kimi, Şuşa rayonu, Daşaltı qəsəbəsində aşkarlanmış 2 kütləvi məzarlıqdan 28 nəfərə, Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanmış 3 kütləvi məzarlıqdan 27 nəfərə, Xocalı şəhərində aşkarlanmış kütləvi məzarlıqdan 18, Ağdərə rayonunun Sırxavənd kəndindəki kütləvi məzarlıqlardan 15 nəfərə aid meyit qalıqları ekshumasiya edilib”.