

Eldar Mansurov- 73
Məşədi Məlik bəy Mansurov onun atasının babası olub. Zəmanəsinin görkəmli muğam ustalarından biri idi. Bütün ömrü boyu milli musiqimizi təbliğ edib, Bakı və Abşeronda klassik muğam məclislərinin ilk qurucularından biri kimi tanınır. Bu məclislərə Azərbaycanın hər yerindən muğam biliciləri toplaşardı. Qədim Azərbaycan muğamlarının öyrənilməsində və eləcə də geniş yayılmasında onun böyük rolu olub...
Deyir ki:- “Mənim bu sənətə gəlməyim nəslimizlə bağlıdır. Bizim nəslimiz musiqiçilər nəsli olub və musiqiyə böyük maraq göstəriblər. Bu maraq babama, ondan da atama- tanınmış tarzən Bəhram Mansurova keçib. Təbiidir ki, bu istək və maraq atamdan da bizə keçib. Evdə üç qardaş idik. Anamın arzusu o idi ki, oğlanlarından biri bəstəkar, biri tarzən, biri də dirijor olsun. Mənim də bəxtimə bəstəkar olmaq düşdü...”
Bəli, bu gün sizə “Şöhrət” ordenli, əməkdar incsənət xadimi, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, bəstəkar Eldar Mansurovdan söhbət açmaq istəyirəm. O, 1952-ci ildə Bakıda, İçərişəhərdə anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb...
“Zövqlərimiz artıq korlanıb. Korlanma prosesi də 1990-cı illərdən başlanıb. Çünki televiziya və radiolarda o qədər zəif, bayağı və xarici mahnılar səsləndirirlər ki, artıq insanların beyinlərinə təcavüz ediblər. Mən bir çox müğənnilərlə işləmişəm. Flora Kərimova, Mirzə Babayev, Elmira Rəhimova, Akif İslamzadə, Yalçın Rzazadə, Brilliant Dadaşova, Mübariz Tağıyev, İlqar Muradov, Ağadadaş Ağayev, Aygün Kazımova, Faiq Ağayev, Manana və s. müğənnilər mənim mahnılarımı ifa ediblər. Bu gün bu ifaçıların bəziləri ümumi axınla gedir. Onlar efirlərdə daha çox həvəskarların mahnılarını oxuyurlar. Bizlim mahnılarımıza isə bir növ retro kimi baxırlar. Onu deyim ki, mahnının təzəsi, köhnəsi yoxdur. Var yaxşı mahnı və pis mahnı. Nəyə görə Tofiq Quliyevin musiqisi bu gün də toylarda, şənliklərdə oxunur? Desinlər ki, köhnə mahnıdır da... Niyə oxuyurlar bəs? Ona görə ki, peşəkarın qələmindən çıxan mahnı pis və ya zəif ola bilməz!”- söyləyir.
"Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1989-cu ildə bəstələdiyi “Bayatılar” mahnısı isə dünyada papulyardır...
Deyir ki:- “Elə musiqi əsərləri var ki, bəxtlərinə daha çox sevilmək düşür. Leanordo da Vinçinin Cokondadan – “Mona Liza”dan başqa əsəri yox idimi? Var idi. Amma ən çox sevilən o portret oldu..”
İngilis musiqişünas Mayk Diksonun 2022-ci ildə işıq üzü görən “Geri dön və təzim et! Mənim musiqili həyatım” kitabının, “Burada, orada və hər yerdə” yarımbaşlığında Azərbaycan bəstəkarlarından da söhbət açılır: “Mən iş prosesində gözgörəti heyrət doğuran Azərbaycan bəstəkarlarının yazdığı ecazkar musiqi mətnləri haqqında çox şey öyrəndim. Onlar əsərləri təkcə orada deyil, dünyanın bütün konsert salonlarında səslənməyə layiq bəstəkarlardır. Üzeyir Hacıbəyli, Qara Qarayev, Eldar Mansurov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Arif Məlikov, Maestro Niyazi və inanılmaz Fikrət Əmirov kimi adları biz Qərbdə, sadəcə olaraq, tanımırıq. Bir qisminə Azərbaycansayağı rus irsi hopsa da, bu, zəngin ənənədir, olduqca çox musiqi fərdi şəkildə səslənir. Rus, İran və türk dilləri qarışığıdır, amma Azərbaycanın coğrafi vəziyyətini nəzərə alsaq, gözlənildiyi kimi, tamamilə nadir tərzdə səslənir...”
Bəli, Eldar Mansurovun adının böyük korifeylərlə yanaşı çəkilməsi elə-belə, təsadüfi deyil. O, doğrudan da Azərbaycan bəstəkarlarlıq məktəbinin mogikanlarından biridir...
Fevralın 28-i Eldar Mansurovun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram...
Elman Eldaroğlu