Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisinə cəza istənilib Hadisə

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisinə cəza istənilib

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaql yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi məhkəmə istintaqının yenilənməsini barədə vəsatət verib.
Müdafiə tərəfi mütəxəsis rəyi üzərində qurulan ittihamı qəbul etməyib: “Rəyə görə, mənimsənilən 397 min manatın 338 min manatı şirkət tərəfindən şişirdilib. Həmin vəsatin də 212 min manatı gömrük bəyannaməsi zamanı çox göstərilib. Geridə qalan 125.441 manatın 75 min manatı marşal postlarının qurulması ilə bağlı şişirdilib. Burada şişirtmədən söhbət gedə bilməz. Formula 1 keçirilən ölkələrdə marşal postlarının qurulmasına xərclənən vəsaitlərə nəzər saldıqda görərik ki, ən ucuz marşal postu məhz Azərbaycanda qurulub".

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokurur təqsirləndirilən şəxsin 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.

Proses martın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb. İttihama görə, Ç. Mehdiyev, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.

Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

İstintaq dövründə Ç.Mehdiyev 100 min manatı dövlət büdcəsinə ödəyib.