

Mikayıl Nərimanoğlu- 60
Ozündən böyük bacı və qardaşları, valideyinləri də texniki sahələrdə çalışıblar. Necə deyərlər, onadək nəslində humanitar sahədə çalışan olmasa da, nədənsə onda yazı-pozuya həvəs olub. Elə ona görə də, orta məktəb dövründən yazı-pozu ilə məşğul olmağa başlayıb və mütəmadi olaraq mətbuat orqanlarında çıxış edib. 1988-ci ildən bu günə qədər isə tam mətbuat sahəsində çalışır. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiri işləyir...
Söhbət əməkdar jurnalist Quliyev Mikayıl Nəriman oğlundan gedir. O, 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İndiyədək "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. Və əmək fəaliyyətinə 1988-ci ildə "Zavod həyatı" qəzetində başlayıb. 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub. Milli komanda ilə bağlı çəkilən bir neçə televiziya filminin ssenari müəllifidir. 1989-cu ildən SSRİ, Azərbaycan müstəqillik qazandıqdan sonra isə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür. 1983–85-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ermənilərə qarşı döyüşlər vaxtı (1993–1994-cü illər) hərbi müxbir kimi milli orduda xidmət edib. Müharibə veteranıdır. "Zəngilanın süqutu" kitabının müəllifidir...
Deyir ki:- “Yurd həsrəti dünyanın ən ağır dərdidir. Bu ağrı ilə nəsibimizə yazıldığından həyatımızın hər anını o torpaq harayı ilə yaşamışıq. Səhərlər gün işığında, gündüzlər xatirələrimizdə, axşamlar xəyalımızda, gecələr yuxumuzda düşmən tamdağında olan torpaqlarımızda gəzmişik. Bir an belə yolumuzu, izimizi, cıxırımızı, gülümüzü, otumuzu, susuzluqdan quruyan ağaclarımızın budağını, çör-çöpümüzü belə unutmamışıq. Daxilən yana-yana, kömürə dönüb kül olana qədər sızlamışıq. Bu gün haqq dünyasında olan valideynlərimizin qaysaq bağlamayan yaralarının ah-naləsində yanmışıq. Anamın atama ehtibar etdiyi evimizin imdad dilyən açarının harayından qovrula-qovrula qalmışdıq. Yurd dərdi qəddimizi əymişdi. Uşaq vaxtı gəzdiyimiz, oynadığımız torpaqlar, başına fırlandığımız və budaqlarını sındırdığımız ağaclar, əzdiyimiz otlar, qırdığımız kol-kos üçün darıxmışdıq. Torpaqdan güc almaq hissiyyatımızı itirmişdik, yurdda qalan xatirələrimizi danışmaqdan usanmışdıq. Havasına, suyuna, torpağına əsir kimi möhtac idik. Dünyasını dəyişənlərimizin son arzuları qarşısında acız qalmışdıq. Şükür Allaha prezident, Ali baş Komandan İlham Əliyevin Azərbaycan tarixinə bəxş etdiyi qəhrəmanlıq salnaməsi nəticəsində işğal altında olan torpaqlarımızın azad olundu. Bu torpaqlar arasında digər rayon və kəndlərimizlə yanaşı, Zəngilan rayonunun da adının çəkilməsi həyatımı bir an içərisində dəyişdi. Artıq yurd həsrəti tarixdə qaldı.”
Çox dinamik və enerjili adamdır. Xoş aurası ilə insanlarda şəfqət hissi oyada bilir və əziyyət çəkən adamlar ona ürək açmaqda çətinlik çəkmirlər. İntuitiv düşünmə tərzi var, bədii təxəyyülü çox güclüdür. Səxavətli, qayğıkeş, son dərəcə sadiq və qayğıkeşdir. Emosialarını vaxtında cilovlamağı bacarır. Dostları arasında müdrikliyi ilə tanınır. Tənqid edib qəlb qırmağı xoşlamır. Səhvləri insanlıq halı kimi qəbul edir və onları tez də bağışlayır...
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov onun haqqında yazır:
“Ermənistan Azərbaycana qarşı elan etmədən ədalətsiz müharibəyə başlamısdı. Əraziləri camaat, ordu hissələri, milis dəstələri müdafiə edirdi. Xarici havadarlarından kifayət qədər hərbi dəstək alan düşmənin hücumlarının, həmlələrinin qarşısı cəsarətlə, qətiyyətlə alınırdı. Bu döyüşlər haqqında informasiyalar xalqın inamına güvən ola bilərdi, olurdu. Ona görə də müxtəlif mətbu orqanların əməkdaşları kimi, o vaxt "İki sahil" qəzetinin əməkdaşı olan Mikayıl Nərimanoğlu da cəbhə bölgəsindən məlumatlar, reportajlar hazırlayırdı. O, həm bir jurnalist kimi, həm də bir zəngilanlı kimi Zəngilanı müdafiə edənlərə "söz havadarı" olmağa gedirdi...”
Mikayıl mələk adıdır. Son nəfəsinədək bu müqəddəs adı daşıyacaq qəhrəmanımın martın 9-u 60 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu