

“Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin 5-16 iyun tarixlərində ICMP-nin Qiymətləndirmə Missiyası Azərbaycana səfər edib”.
APA xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Komissiyanın katibi Qəzənfər Əhmədov deyib.
Dövlət Komissiyasının katibi bildirib ki, səfər çərçivəsində Siyasət və Əməkdaşlıq üzrə direktor Andreas Kleyzer və qurumun proqram meneceri Karmen Osorno Solis Dövlət Komissiyasında və bir sıra aidiyyəti dövlət qurumlarında qəbul olunublar: “Səfər zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məqsədilə ICMP tərəfindən ölkəmizdə Qiymətləndirmə Missiyası həyata keçirilib, missiyanın nəticəsi olaraq ICMP tərəfindən hazırlanmış hesabat Azərbaycan XİN-ə göndərilib, aidiyyəti dövlət qurumları tərəfindən hesabatla bağlı rəy və təkliflər hazırlayaraq XİN-ə təqdim edilib”.