Parlaq istedad hər adamda olmur... Hadisə

Parlaq istedad hər adamda olmur...

Deyir ki:- “11 yaşımda önümə qoyduğum məqsəd gah müxbirlik, gah aparıcılıq, gah layihə rəhbərliyiydi. Soruşa bilərlər ki, öz hədəfin olmayıbmı? Əlbəttə olub. Məsələn, hələ jurnalistliyin mənasını qavramazdan öncə 12 vərəq dəftərlərdə qəzet düzəldər, jurnal hazırlayar, güya kitablar çap edər, hər bayram günü otağın qapısını kilidləyib "studiya" qurar, beləcə, anamla qardaşımı qonaq çağırardım. Atamı çox tapmazdıq evdə. Mütəmadi çalışar, çalışar və çalışardı. Bəzən gecəyarı qonaq otağını bürümüş göyümtül işıqdan ötrü oyanardım. Hənirtisizcə çıxardım dəhlizə və görərdim, atam məqalə hazırlayır - Hesabat üçün. Sənədli filmlər üçün. Yaxud gecəyarı zəng edərdi hansısa əməkdaşa: O adama əlli dəfə tapşırmışdım ki, kadrı dəyişsin! Hara baxır bu uşaqlar? Yığışdırın efirdən. Dərhal!”

Həyatını idarə etməkdə qətiyyətlidir və ənənələrə böyük dəyər verir. Səbirli, inadkar və sabit təbiətlidir. Arzularını planlı və sistemli şəkildə həyata keçirməyə üstünlük verir. Bu səbəbdən də, onu əzmkar və qətiyyətli insan kimi xarakterizə etmək olar. Onun üçün maddi təhlükəsizlik və komfort çox önəmlidir. Lüks və gözəl əşyalar onun cazibəsini artıran elementlərdir. Ev dekorasiyası, geyim və yemək mövzusunda estetik zövqü yüksəkdir. Bir sözlə, komfort və gözəllik həyatında önəm verdiyi ən vacib detallardır...

“Jurnalist ailəsində dünyaya göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu kitab vərəqlərinə bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi atamın kitab kolleksiyasının yarısından ibarətdir. Digər yarısını o, özüylə aparıb. Və böyüyüb atamlaşdıqdan sonra həmin boşluğu yenidən doldurmuşam. İndi mənim də kitabxanam var. İşim-gücüm oxumaq və yazmaqdan ibarətdir.”- söyləyir...

Parlaq istedad hər adamda olmur. Onu Allah yalnız sevdiyi bəndələrinə verir. Verir ki, milyonların içində fərqlənə bilsinlər və insanlar arasında daha faydalı, daha ötkəm olsunlar. İstedad vulkana bənzər, püsgürdü ki səd tanımaz, aşıb daşar. Haqqında söhbət açdığım Mir Çingiz Ağayev kimi. O, 1997-ci ilin may ayının 11-də dünyaya gəlib. Məşhur telejurnalist Mir Şahin Ağayevin oğludur...

Deyir ki:- “Mən övladlığı kitablarla, tənqidlərlə və təltiflərlə öyrənmişəm. Təltiflər beşinci sinifdən bəri otağımızı bəzəyən mükafatlardı. Kitablar özümkülərdən doyub atamın qardaşıma aldığı bədii əsərləri oxumağımın obrazıdır. Tənqidlərsə məni həm övlada, həm insana, həm də jurnalistə çevirən hadisənin təzahürləridir. Məsələn, babam deyərdi, oğulsan, halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı tənqid atəşi! - Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Filan cümləni yerli-dibli silmək lazımdır. Uşağı tərifləməyin.”

Bir işə başladısa, onu tamamlamağa qətiyyətlidir və bu yolda heç bir maneəyə boyun əyməz. Sadiq və güvənilən adamdır. Dostluq və romantik münasibətlərdə uzun müddətli bağlılığa və sadiqliyə böyük əhəmiyyət verir. Sevdiyi insanlara hər zaman dəstək olmağa hazırdır. Elə buna görə də etibarlı dostdur...

“Bəli, məni jurnalist edən ilk meyar atamın tənqid atəşiydi. Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül məhsulu o vaxtadək böyüyür ki, körpə, atasının adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı, hətta saçlarımdakı sarı-qırmızı tellər də ağarmağa başladı, təkcə o mübhəm adiliyin şahidi olmadım! Və bunun yerini zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik, dərdləşir, görüşürük, ya yox.”- söyləyir...

Gənc də olsa praktiki düşüncəyə malikdir. Onun üçün həyatın reallıqları və gündəlik ehtiyaclar prioritetdir. Maddi resursları ağıllı şəkildə idarə etmək və uzun müddətli məqsədlərə çatmaq üçün ciddi planlar qurmaq onun təbiətindədir. Yuxarıda qeyd etdiyim kimi, dəyərlərə və ənənələrə bağlılıq onun üçün çox önəmlidir...

Deyir ki:- “Xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən burun kənarında yaranan o şırımlar kimi. Təvazökarca görünməsə belə, mən, öz xislətimlə qürur duyuram. Əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin fatehinə çevirəcək məni. Necə ki, atamı çevirib və necə ki, onun çatdığı bütün zirvələr mənim "keçilməz"lərimi yoxa çıxarır. Önümü açır...”

“APA Group”-da layihə rəhbəri vəzifəsində çalışır. “Künc-Bucaq” adlı verilişin həm müəllifi və həm də aparıcısıdr. Veriliş boyu qonaqlarına verdiyi suallar, aparıcılıq məharəti yüksək səviyyədədir. Bəlkə də bu xüsusiyyətlər ona atasından genlə ötürülüb, deyə bilmərəm. Amma onu bilirəm ki, öz parlaq istedadı ilə, o jurnalistika sahəsində böyük uğurlara imza atmağı bacaracaq. El arasında belə bir deyim də var- “Yaxşı oğulu uşaq vaxtı atasına görə tanısalar da, böyüyəndən sonra atasını ona görə tanıyarlar...”

Elman Eldaroğlu