

Mingəçevir və Şəki şəhərlərində qəzalı binalarla bağlı görülən işlər açıqlanıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Mingəçevir şəhəri, Təbriz küçəsi, 2/17, M.Müşfiq küçəsi, 3 və 4 ünvanlarında yerləşən qəzalı vəziyyətə düşmüş yaşayış binalarında sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2 girişli, 5 mərtəbəli, 40 mənzilli yeni yaşayış binasının tikintisinə Nazirlər Kabinetinin 2021-ci il 1 iyun tarixli 317s nömrəli Sərəncamı ilə 2.8 mln. manat məbləğində vəsait ayrılıb.
Mingəçevir şəhəri H.Əliyev prospekti, 1/2 və Ü.Hacıbəyov küçəsi, 2 ünvanlarında yerləşən hər biri iki girişli beş mərtəbəli yataqxana binalarında isə su və kanalizasiya boruları yenisi ilə əvəz olunub, girişlərdə plastik pəncərə və dəmir qapılar quraşdırılıb, fasad və giriş hissələrində təmir işləri aparılıb.
Qeyd edilib ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 313 ünvanında yerləşən və Şəki Mənzil İstismar sahəsinin balansında olan 60 ailənin yaşadığı yataqxana binasına Nazirlər Kabinetinin tapşırığı əsasında təkrar baxış keçirilib və binanın texniki vəziyyəti qəzalı kimi qiymətləndirilib.
Qeyd olunan yataqxana binası respublikanın regionlarında istismar müddəti bitmiş, müxtəlif səbəblərdən konstruksiyaları yükgötürmə qabiliyyətini itirmiş və deformasiyaya uğrayaraq texniki cəhətdən qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının siyahısına daxil edilib və məsələyə həyata keçiriləcək tədbirlər çərçivəsində baxılması nəzərdə tutulub.
Yataqxana tipli qəzalı yaşayış binasının sakinlərinin (ümumilikdə 60 ailə) daimi məskunlaşmasının təmin edilməsi məqsədilə onlara malik olduqları mənzillərin otaq saylarına uyğun birdəfəlik maddi yardım ayrılmaqla köçürülməsi barədə müvafiq qurumlar tərəfindən təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.