

Azad olunmuş ərazilərdə meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərinin xəritələri hazırlanacaq.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, hesabat dövründə torpaqların elektron kadastr uçotu, yerquruluşu və torpaq tədqiqatları istiqamətində işlər davam etdirilib.
Nəzərdə tutulan 229 veni salınacaq yaşayış məntəqəsinin ətrafında yerləşən əkinə yararlı torpaq və örüş-otlaq sahələrinin ölçüləri, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri müəyyən edilmiş və digər kadastr göstəriciləri uçota alınaraq Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sisteminə (TEKUIS) miqrasiya işləri yekunlaşıb. Bu tədbirdən irəli gələn infrastruktur obyektlərinin dislokasiyası, yeraltı mineral-xammal, yerüstü və yeraltı su ehtiyatları, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri və digər kadastr göstəriciləri aidiyyəti dövlət orqanları tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edildikdən sonra xəritələrin hazırlanması tam başa çatdırılacaq.
İşğaldan azad olunmuş ərazilərdə torpaqların elektron kadastr uçotu işləri çərçivəsində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı, Ağdərə rayonları və Şuşa şəhəri üzrə ümumilikdə 1203,4 min ha ərazidə yerquruluşu üzrə çöl-ölçmə işləri yekunlaşıb.
Qeyd edilib ki, bu işlərdən 857,3 min ha (Zəngilan rayonu üzrə 70,9 min ha, Qubadlı rayonu üzrə 79,9 min ha, Kəlbəcər rayonu üzrə 195,4 min ha, Cəbrayıl rayonu üzrə 104,9 min ha, Laçın rayonu üzrə 183,1 min ha, Ağdam rayonu üzrə 73,3 min ha, Füzuli rayonu üzrə 57,0 min ha və Xocalı rayonu üzrə 92,9 min ha) ərazinin uçot məlumatları kameral şəraitdə emal olunaraq TEKUİS və Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə (QRGS) miqrasiya edilib.
İl ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 221,2 min ha, geobotaniki tədqiqat üzrə isə 80,3 min ha ərazidə kameral işlər, torpaq tədqiqatı üzrə 345,3 min ha, geobotaniki tədqiqat üzrə 164,1 min ha ərazidə çöl işləri aparılıb.
İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 386,8 min ha ərazidə, o cümlədən torpaq tədqiqatı üzrə 214,5 min ha və geobotaniki tədqiqat üzrə 172,3 min ha sahədə laboratoriya işləri aparılıb.