

“Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon. manat vəsait ayrılıb (artım 8,2%).
Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edən Baş nazir Əli Əsədov deyib.
Əli Əsədov bildirib ki, hesabat ilində təhsilin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili, beynəlxalq rəqabətliliyin təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində tədbirlər həyata keçirilib: “Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb (artım 10,3%).
2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb.
Xüsusi vurğulamaq istərdim ki, ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başladı.
Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər çalışır”.