Halal adam Hadisə

Halal adam

Əliş Ağamirzəyev- 52
Əgər gəlib desələr ki, Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev kimdənsə rüşvət alıb, hətta and içsələr belə, inanmaram. Çünki, o elə bir ailədə böyüyüb ki, həmin ailənin süfrəsində heç zaman haram tikə olmayıb. Atası Çoban kişi öz qabarlı əllərinin zəhməti ilə balalarını boya-başa, ərsəyə çatdırıb...
O, 1973-cü ildə dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 1994-1998-ci illərdə hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetini kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə (bakalavr), 2004-cü ildə isə Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə diplomu ili bitirib. 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyat işi və redaktəetmə kafedrasında müəllim, 2007-2019-cu illərdə Bakı Slavyan Universitetində Jurnalistika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Eyni zamanda 1998-2014-cü illərdə "Mütərcim" Tərcümə, Nəşriyyat-Poliqrafiya Mərkəzində redaktor, icraçı direktor, 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun məsləhətçisi vəzifəsində işləyib. Hazırda dediyim kimi, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir...
Onu “Mütərcim” nəşriyyatından tanıyıram. O qədər saf adamdır ki, hətta buna şübhə etmək belə insafsızlıq olar. Mehribanlığına, qayğıkeşliyinə də söz ola bilməz. Səbrli və təmkinlidir. Rəftarında o qədər kübardır ki, bu davranışında da öz əksini tapıb. Yüksək mədəniyyət iliyinə kimi işləyə bilib, varlığına hopub...
2010-cu ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə BSU-nun dissertantıdır.
Ali məktəblər üçün 1 dərs vəsaitinin, 3 fənn proqramının, 50-dək elmi məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, əsərləri Rusiya, Qazaxıstan və Ukraynada çap olunmuşdur.
"Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" və "Kitabşünaslıq və redaktor sənəti" elmi məcmuələrinin redaksiya heyətinin üzvüdür...
Martın 15-i Əliş müəllimin növbəti doğum günüdür, bu dəfə 52 yaşı tamam olur. Onu həm ad günü və həm də xalqımızın milli bayramı- Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram.
Çox yaşa, HALAL ADAM!
Elman Eldaroğlu