Türk Dünyası Kiprdə bir araya gəlir Hadisə

Türk Dünyası Kiprdə bir araya gəlir

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti və Şimali Kipr Türk Respublikası (ŞKTR), Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ŞKTR-də “Türk Dünyası Novruz Festivalı” keçirəcək.

Bu barədə cəmiyyətin sədri Orxan Həsənoğlu məlumat verib.

Cəmiyyət sədri qeyd edib ki, bu il 19-23 mart tarixləri arasında keçiriləcək Festivala Türkiyə BMM-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Şamil Ayrım, Türkiyə BMM-ŞKTR Parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Orxan Ərdəm və qrup üzvü millət vəkili Əhməd Ərbaş, millət vəkili Hüseyin Yaman iştirak edəcək: “Həmçinin Festivala Azərbaycan-ŞKTR Parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Cavanşir Feyziyev və qrup üzvü Musa Quliyev qatılacaq. Eyni zamanda, Azərbaycan ilə birlikdə TÜRKSOY-un dəstəyi ilə Qazaxıstan, Özbəkistan, Qırğızıstanlı sənətçilər musiqili qonaqlarımız olacaq”.

O.Həsənoğlunun verdiyi məlumata əsasən, Festivalın tədbirləri iki ayrı şəhər və üç bölgədə keçiriləcək: “Festivalın rəsmi açılışı 20 Mart 2025-ci il tarixdə ŞKTR-in böyük mədəniyyət mərkəzlərindən biri olan Gazimağusa şəhərində yerləşən Rauf Denktaş Mədəniyyət və Konqres Mərkəzində olacaq. Festivalın ikinci günü ŞKTR-də təhsil alan yerli və əcnəbi tələbələrin çoxluq təşkil etdiyi Girnə şəhərində Beynəlxalq Final Universiteti Kampüsündə, bağlanış mərasimi isə Lapta bölgəsində yerləşən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində olacaq. Tədbirlərə ŞKTR Prezidenti Ərsin Tatar, Baş nazir Ünal Üstel, ŞKTR Parlamentinin sədri Ziya Öztürklər, ŞKTR nazirləri, millət vəkilləri, yerli QHT və media mənsubları qatılacaq. Bunlarla birlikdə Festivala ŞKTR-də yaşayan türkdilli xalqların nümayəndələri və çox sayda əcnəbi tələbə dəvət olunub”.

O həmçinin qeyd edib ki, Festivala TÜRKSOY-un dəstəyi ilə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Kipr və Türkiyədən sənətçilər dəvət olunub: “Ölkəmizi festivalda millət vəkilləri ilə birlikdə Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə Abdullayeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Nicat Kazım, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Flarmoniyasının solisti Zülfüqar Mahmudov və Naxçıvan Dövlət Flarmoniyasının solisti Əfsanə Babayeva milli musiqilərimiz ilə töhfə verəcəklər. Festival günlərində həmçinin ölkəmizi tanıtmaq məqsədi ilə stentlər qurulacaq. Milli mətbəximizdə Novruzun simvolu olan şirniyyatlar qonaqlara təqdim olunacaq”.