

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna media-tur keçirilib.
Hərbi İnstitutun rektoru, polkovnik Ümidvar Quliyev jurnalistlərə media-turun məqsədi haqqında məlumat verib.
Qeyd olunub ki, media-tur gənclər arasında hərbi vətənpərvərliyin və ordu sıralarına marağın artırılması, həmçinin müasir hərbi təhsil sisteminin ictimaiyyət arasında geniş təbliğ olunması məqsədilə təşkil olunub.
Rektor qeyd edib ki, artıq bu ildən instituta sənəd qəbulu elektron formada olacaq: “Eyni zamanda, imtahanların da kompüterlə verilməsi təmin olunacaq. Bütün bunlar kursantların işini asanlaşdırmaq üçündür”.
Onun sözlərinə görə, institutda yerli kursantlarla yanaşı, Tacikistan, Qırğızıstan və Türkiyədən olan kursantlar da təhsil alır: “Həmçinin bizim də Türkiyə, Cənubi Koreya, Rusiya, Almaniya, İtaliyada təhsil alan kursantlarımız var. Bu yaxınlarda İtaliyadan da ölkəmizə hərbi təhsil almaq üçün kursantlar gələcək. Xaricdən gələn kursantlar təhsil müddəti bitdikdən sonra ölkələrinə geri qayıdır. Biz də bir neçə xarici ölkəyə təhsil almaq üçün müdavim göndəririk. Cənubi Koreyada hərbi təhsil alan kursantımız xarici tələbələr üzrə yaxşı təhsil aldığı üçün qızıl medalla mükafatlandırlıb. Bu hal Türkiyə Cümhuriyyətində də olub”.
Hərbi İnstitutun tarixi, fəaliyyəti, uğurlarından bəhs edən slayd nümayiş olunub.
Milli Müdafiə Universitetinin Xüsusi istedatlarla iş qrupunun şöbə rəsi Orxan Qarayev bildirilib ki, hərbi institutun saytının yaradılması bura müraciət edən vətəndaşların daha tez məlumat almasını, işlərinin asanlaşmasını təmin edir:
“Həmçinin sayt vasitəsi ilə ikinci təhsil, magistr təhsili ilə bağlı müraciət etmək üçün keçidlər də qoyulub. Sənədlərin elektron formatında göndərilməsi də buradan həyata keçirilir. Hərbi İnstituta daxil olan hər bir şəxs birdəfəlik 500 manat müavinət alır. Daha sonra kursantın özünə hər ay 150 manat, valideynlərinə 200 manat, aktiv olmayan bank hesabına 200 manat ödəniş olunur. Kursantın bank hesabı yanlız o, təhsilini bitirdikdən sonra aktiv olur və vəsaitdən istifadə oluna bilinir”.
Sonra jurnalistlər bina ilə tanış olub.
Media nümayəndələri öncə Heydər Əliyev adına İdeoloi mərkəzdə olublar. Jurnalistlərə ideoloji mərkəz haqqında geniş məlumat verilib.
Daha sonra jurnalistlər tədris prosesi ilə tanış olub. Burada hərbiyönümlü təhsillə yanaşı müdavimlərə xarici dil də tədris olunur. Müdavimlərə burada ingilis dili bacarığını təkmilləşdirmək şansı verilib. Kompüter biliklərinin artırıması istiqamətində atılan addımlardan biri də burada informatika otağının olmasıdır. Gələcəyin zabitləri burada öz kompüter bilik və bacarıqlarının inkişafı üçün dərslər alır. Təhsil ocağında rabitə sinfi də fəaliyyət göstərir. Burada rabitə ilə danışıq qaydaları, məxfiçilik qaydalarının sirrləri aşılanır.
Maneələrin aşkar edilməsi sinfini ziyarət edən jurnalistlər dərs prosesini izləyib. Kursantlar mühəndis maneələrin aşkar edilməsi, partlaypcı vasitələrin zərərsizləşdirilməsi, təhlükənin aradan qaldırılması yollarını öyrənir. Eyni zamanda, onların atış bacarığının inkişaf etdirilməsi üçün xüsusi simulyasiya otaqları ayrılıb və praktiki məşqlər keçirilir.
Təhsil ocağının kitabxansında kursantların dünyagörüşlərini artırması üçün yerli və xarici ədəbiyyat nümunələri, hərbi nəşrlər, ümumilikdə 500 minə yaxın kitab var.
Daha sonra media mənsubları kursantların yataqxanası ilə tanış olub. Müasir yataqxanada kursantlar üçün zəruri olan bütün şərait yaradılıb.
Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda təhsil alan kurslantlar yaradılan şərait və tədris prosesi haqqında fikirlərini media nümayəndələri ilə bölüşüb.
Kursant İltifat Mirzəyev kursantlara yaradılan şərait və tədris prosesi haqında danışıb.
O, bildirib ki, Azərbaycan Ordusunda zabit kadrıarının hazırlanmasında Heydər Əliyev adına Hərbi İnstitutun müstəsna rolu var: “Burada kursanlar 23 ixtisas üzrə hərbi təhsil alır, öz bilik və bacarıqlarını inkişaf etdirir. Ümumilikdə, burada Quru Qoşunları və ümumi fənnlər, Hərbi Dəniz Qüvvəlləri və Hərbi Hava Qüvvələri olmaqla, 3 fakültdə fəaliyyət göstərir. Burada hərbi ixtisaslarla yanaşı Sistemlər mühəndisliyi və Aerokosmik mühəndislik kimi mülki ixtisaslar üzrə də təhsil almaq mümkündür. Burada idmana, xarici dil biliyinin mənimsənilməsinə xüsusi diqqət ayrılır. Xarici dil biliyinə görə fərqlənən kursantlar xaricə biliklərini təkmilləşdirmək üçün kursa göndərilir”.
Heydər Əliyev adına Hərbi İnstitutunda lll kursda təhsil alan Qırğızıstan Respublikasının vətəndaşı kursant Emir Esenaliyev APA-ya bildirib ki, burada dərslər NATO sistemi ilə tədris olunur: “Bu hal mənim marağımı çəkmişdi. Elə buna görə də hərbi təhsil almaq üçün buranı seçdim. Burada keçirilən dərslər də çox yüksək səviyyədədir”.
Media nümayəndələri sonda kursantların idman yarışlarını izləyib.