BƏƏ-nin Azərbaycandakı səfirliyi Bakıda iftar süfrəsi təşkil edib Hadisə

BƏƏ-nin Azərbaycandakı səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi Bakıda iftar süfrəsi təşkil edib. Tədbirdə səfirliyin əməkdaşları, Milli Məclisin deputatları, ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.

"Xalq Cəbhəsi" xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Xalid Al Tunaiji iftar süfrəsinə gələnləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək, bu ayın mahiyyəti, mənəvi əhəmiyyəti və insanlara qazandırdığı dəyərlər barədə danışıb.

O, bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayının özünəməxsus ab-havası var. Bu ayda İslam dəyərləri və dərin sosial bağlar özünü büruzə verir və BƏƏ cəmiyyətinin unikallığını əks etdirən adət və ənənələr nəsillərə ötürülür.

Bu mübarək aya hazırlıq onun gəlişindən bir müddət əvvəl başlayır. Məscidlər və məclislər bəzədilir, mehribanlıq və tolerantlıq mühiti güclənir. BƏƏ xalqı Ramazanı yüksək mənəviyyatla, Qurani-Kərim tilavəti, ibadətləri artırmaq və xeyirxah işlər görmək istəyi ilə qarşılamağa can atırlar.

Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayında qorunan gözəl adətlərdən biri “musaharati” adətidir. Keçmişdə sahura oyatmaq üçün məhəllələri gəzərək insanları oyadırdılar. Zaman keçdikcə bu adət azalsa da, hələ də milli irsin bir parçası olaraq yaşamaqdadır.

İftar topu isə Ramazanın qədim ənənələrindən biridir və hələ də davam etməkdədir. Günəş batdıqda iftarın başlandığını bildirmək üçün top atəşi açılır.

Kollektiv iftar süfrələri təşkil etmək BƏƏ-də Ramazanın mühüm adətlərindəndir. Məscidlərdə və ictimai yerlərdə qurulan bu süfrələrə milliyyətindən və mədəniyyətindən asılı olmayaraq hər kəs dəvət olunur. Bu adət, BƏƏ cəmiyyətinin qonaqpərvərlik və sosial həmrəylik dəyərlərini əks etdirir. Həmçinin, Ramazan ayında ailə ziyafətlərinin sayı artır, ailə üzvləri iftar süfrəsi ətrafında bir araya gəlirlər.

Ramazan ayının məşhur simvollarından biri də küçələri və ticarət mərkəzlərini bəzəyən fənərlərdir. Həmçinin, “xeyl” və “qamari” kimi ənənəvi oyunlar keçirilir. Bu oyunlar BƏƏ-nin mədəni irsini yaşatmaq məqsədi daşıyır.

Ramazan BƏƏ üçün sadəcə oruc tutulan ay deyil, həm də adət-ənənələrin təbliği, ictimai əlaqələrin gücləndirilməsi və xeyirxahlıq və sülhün yayılması üçün bir fürsətdir.

Xalid Al Tunaiji, eyni zamanda, bu mübarək ayda edilən duaların, tutulan orucların və qılınan namazların Allah dərgahında qəbul olunmasını ürəkdən diləyib, hər kəsə xeyir, bərəkət və əmin-amanlıq arzulayıb.

Sonra tədbir iştirakçılarına Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayına xas adət-ənənələri, ibadətləri və bu müqəddəs ayın xüsusi atmosferini əks etdirən videoçarx təqdim olunub.

Daha sonra müvəqqəti işlər vəkili Xalid Al Tunaiji Azərbaycan-BƏƏ parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadəyə səfirlik adından xatirə hədiyyəsini təqdim edib. Həmçinin səfirliklə sıx əməkdaşlığına görə media nümayəndələrinə sertifikatlar verildi.

Cavid