Peşəkar şəxsiyyət olanda... Hadisə

Peşəkar şəxsiyyət olanda...

Peşəkarlıq hər bir sahədə insana başucalığı gətirir. Təklifləri dürüst olur, tövsiyyə və məsləhətləri həvəslə qəbul edilir. Əgər peşəkarın təşkilatçılıq qabiliyyəti, idarəetmə səriştəsi də varsa, demək bütün ömrü boyu uğur ona tərəf yürüyəcək. Bütün bunlarla yanaşı peşəkar həm də şəxsiyyətdirsə, həmişə hörmət və ehtiramla qarşılaşacaq...
Deyir ki:- “Hər bir insan öz şəxsiyyətini hər şeydən üstün tutmalıdır. Haqqı nahaqqa verməməli, qul haqqı yeməməlidir. Mümkün qədər az günah işlətməlidir. Təkəbbürdən uzaq- sadə və təvazökar olmalıdır. Eyni zamanda, ömrü boyu yaxşılıq etməyə çalışmalıdır...”
Söhbət jurnalist, baş redaktor Əli Zülfüqaroğludan gedir. O, 1981-ci ildə Yardımlının Gilar kəndində dünyaya gəlib. Bu kənd qədim, köçəri türkman tayfalarına məxsusdur. Volqaboyu Bulqarıstanından köçərək Ərdəbildə məskunlaşan ulu babaları, sonradan bu Yardımlıda yurd salıblar. Həmin kəndin bu günə gəlib çatan məzarlığından, Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkizgüşəli simvollar hələ də tapılmaqdadır...
Əli uşaqlığını bu kənddə keçirsə də, orta təhsilini qonşu Şəfəqli kənd məktəbində alıb. Sonra Bakıya üz tutub- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Ötən müddət ərzində bir sıra mətbu orqanlarında çalışıb. Hazırda “Xalq Cəbhəsi qəzeti”nin baş redaktorudur. Bir qızı və bir oğlu var. Qızı BDU-nun biologiya fakültəsində ikinci kursda oxuyur, oğlu isə hələ ki məktəblidir...
“Dürüstlük, kiminsə haqqına girməmək, xəyanət etməmək, cəmiyyətə yararlı insan olmaq mənim həyat devizimdir.”- söyləyir.
Arzuları çoxdur, istəyir ki, ölkəmizdə ədalətli və inkişaf etmiş bir cəmiyyət qurulsun, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bu günədək bizə gəlib çatan dəyərlər sisteminin daşıyıcısı olan gənc nəsli yad təsirlərdən qorumağın vacibliyini dilə gətirir. "Yeni mədəniyyət" nümunələrinin təhdidlərindən gəncliyimizı sığortalamağı vacib sayır. Futbola tamaşa etməkdən zövq alır, sanki bu oyuna baxanda istirahət edir...
Ölkə mətbuatında olduğu kimi, xarici kütləvi informasiya vasitələrində də çoxsaylı yazılarına rast gəlmək olar. Analitik xarakterli bu yazılar, eləcə də müxtəlif hadisələrə şərhləri onun həm də, siyasi şərhçi kimi yetişdiyindən xəbər verir. Jurnalist olaraq isə uğurları daha çoxdur. Müxtəlif yazı müsabiqələrinin qalibi olub, xeyli mükafatlara layiq görülüb. Bir sözlə, Əli Zülfüqaroğlu istedadlı qələm adamı, mehriban ailə başçısı, sədaqətli dost və gözəl insandır...
Təxminən on beş il olar ki, tanışıq. Onu sözübütöv, aydın düşüncəli, təmkinli, uzaqgörən bir adam kimi tanıyıram. Və hər dəfə də ona “Əlişka” deyə müraciət etməkdən çəkinmirəm…
Budur, yenə də Əlişkanın növbəti ad günüdür. Martın 28-i 44 yaşı tamam olur. 44 rəqəmi isə biz azərbaycanlılara çox əzizdir…
Əlini ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...
Yeni yaşı mübarək olsun!

Hörmətlə, Elman Eldaroğlu