

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işinin məhkəmə hazırlıq iclası başlayıb.
Xalqcebhesi.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə ilk iclasda təqsirləndirilənlərin müdafiəçiləri vəsatət qaldıraraq prosesdə jurnalistlərin iştirak etmələrini istəyiblər. Məhkəmə yerində müşavirə edərək vesatətin baxılmasının növbəti mərhələlərdə həyata keçirilməsini elan edib.
Daha sonra təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Onlar barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub.
Məhkəmənin ilk baxış iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.