Bakıda bu restoran AQTA-nın qərarına əməl etmədi... Hadisə

Bakıda bu restoran AQTA-nın qərarına əməl etmədi...

“Top Qapı” restoranının sahibi barəsində inzibati icraat başlanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu 26 ünvanında fəaliyyət göstərən fiziki şəxs Pərviz Almas oğlu Dadaşova məxsus “Top Qapı” ictimai iaşə müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Bildirilib ki, agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.