Zəngilandan başlanan yol... Hadisə

Zəngilandan başlanan yol...

Hikmət Quliyev- 40

Bu gün sizə iyirmi doqquz yaşında filologiya üzrə fəlsəfə doktoru, otuz doqquz yaşında isə filologiya elmləri doktoru alimlik dərəcələrinə yüksələn bir soydaşımız barəsində söhbət açmaq istəyirəm. Bu məsuliyyəti, bu bacarığı gənclərə nümunə göstərməmək, onun haqqında danışmamaq heç də insafdan deyil...

Deyir ki:- “1993-cü ilin oktyabrın 27-də ermənilərin işğalı nəticəsində isti ocağımızı, ana yurdumuzu tərk etməli olduq. Mən Zəngilandan ayrılanda 8 yaşım var idi. 27 ildən sonra uzun illər həsrətini çəkdiyim doğma Zəngilanı görmək, mənə böyük sevinc və qürur hissi bəxş etdi. Yaşadığım hissləri, qəlbimdən və beynimdən keçən duyğuları ifadə etmək, sözə çevirmək olduqca çətindir.”

O, 10 aprel 1985-ci ildə Zəngilan rayonunda anadan olub. 2002–2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006–2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. Əmək fəaliyyətinə 2005-ci ildə AMEA Folklor İnstitutunda böyük laborant vəzifəsi ilə başlayıb. Sonra kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi, 2013-2025-ci illərdə isə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifələrində işləyib. Hazırda AMEA-nın Folklor İnsitutunun direktorudur.
2015-ci ildə AMEA Folklor İnstitutunda "Azərbaycan folklorunda Müdrik qoca arxetipi" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2018-ci ildə folklorşünaslıq üzrə dosent elmi adına layiq görülüb. 2024-cü ildə "İnternet folkloru: nəzəri–metodoloji kontekst və folklorik məna yaradıcılığı" mövzusunda filologiya elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib...

“Molla Nəsrəddinin lətifələri Azərbaycan xalqı üçün emosional münasibət formasıdır. Doğrudur, bu lətifələr təkcə Azərbaycanda deyil, bütün Şərqdə məşhurdur, amma çox sevinirəm ki, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Molla Nəsrədinin lətifələrinin qeyd olunan siyahıya salınması bu folklor nümunəsinin türk xalqlarına məxsus olduğunu deməyə, onu Azərbaycanın və ümumilikdə türk xalqlarının dəyəri kimi qəbul etməyə, eləcə də bu istiqamətdə planlarımıza yenidən baxmağa, türk xalqlarının ortaq abidəsi kimi yenidən araşdırmağa, müasir elmi-nəzəri yanaşmaları tətbiq etməyə imkan yaradır. Bu lətifələrin yaşadılması və gələcək nəsillərə ötürülməsi türk xalqlarının birliyinin daha da möhkəmlənməsinə şərait yaradacaq...”- söyləyir.

2023-cü ildən Xəzər Universitetində Azərbaycan humanitar təhsil sistemi üçün yeni bir fənn sahəsi olan "İnternet folkloru"nu magistratura pilləsində tədris edir. Ulakbim Dergipark Elmi platformasında bir sıra xarici jurnalların Redaksiya heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir. 2016–2019-cu illərdə AzTv ilə AMEA-nın birgə layihəsi olan və 60 buraxılışı efirdə yayımlanan "Elm və innovasiya" elmi-publisistik proqramının redaktoru olub...

Həssas, diqqətli, mehriban adamdır. Dinləməyi, aydın fikir yürütməyi yaxşı bacarır. Təşkilati işlərdə, idarəetmədə səriştə və bacarıqları ilə seçilir. Hər bir işdə birinci olmaq onun alın yazısıdır. Liderlik bacarıqları həm iş və həm də şəxsi münasibətlərdə ona həmişə uğur gətirir. Rəftarında mədəni, davranışında kübardır. Orijinal olmağı sevir və işlərində çox məsuliyyətlidir. Tükənməz enerjisi var, yorulmaq bilmədən çalışmağı bacarır. Məqsədinə nail olmayanadək rahatlıq tapmır. Komanda işinə önəm verir. Cəsarət onun təbiətindədir. Nadir hallarda risk etməkdən ehtiyat edir...

Deyir ki:- “Bütün müəllimlərimə xüsusi hörmətim var. Eyni zamanda bu ağır və ləyaqətli peşəni həyat amalına, əqidəsinə çevirən həqiqi müəllimlərə sayğı və ehtiramımı bildirirəm. Amma mənim üçün ən böyük müəllim, elə atam- Valeh Quliyev olub. Allah dünyadan köçən dəyərli müəllimlərimizə rəhmət eləsin. Ruhları şad olsun!”

Dürüstlüyü ilə tanınır. Qəlbi təmizdir, hiylə və məkrdən çox uzaqdır. Fikirlərini açıq şəkildə ifadə etməkdən, ürəyində nə varsa, dilə gətirirməkdən çəkinmir. Bu xüsusiyyətləri onu etibarlı və dəyərli dosta çevirib. Güclü mübarizə ruhuna və qətiyyətliliyə malikdir. Hər hansı bir çətinliyə qarşı durmaqda və problemləri həll etməkdə əzmkardır. Hissləri ilə üz-üzə qaldıqda daha da güclənir. Aktivliyinə və eləcə də təşəbbüskarlığına söz ola bilməz. Onun bu xüsusiyyətləri həm iş yerində, həm də şəxsi münasibətlərdə özünü daha aydın göstərir...

Bəli, mən folklorşünas alim, filologiya elmləri doktoru Hikmət Valeh oğlu Quliyevdən danışıram. Aprelin 10-da 40 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, daha böyük uğurlar arzulayıram...

...Nədənsə, insanların çoxu 40 yaşı yubiley kimi qeyd etməkdən çəkinirlər. Hətta bəziləri müxtəlif mistik dəlillər gətirərək, bunun insan həyatına təhlükəli olduğunu da ifadə edirlər. Amma heç bir təhlükədən söhbət gedə bilməz. Əslində bunun səbəbi nailiyyətlərin kasad, hesabat verməyə dəlillərin az olmasıdır. Hikmət Quliyev isə bu haqqı ədəbiyytımıza, folklorumuza, elmə xidmətləri ilə çoxdan qazanıb. Yubileyi mübarək olsun!..

Hörmətlə, Elman Eldaroğlu