

Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.
APA xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən “Honda” markalı, 99-D-401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ceyhun Mustafayev paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaratdığı üçün saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Mustafayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Mustafayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.