

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə azərbaycanlı ictimaiyyət və media nümayəndələrinin görüşü baş tutub.
Demokrat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Birol Akgün Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq bağlarından bəhs edib.
Türkiyəli səfir çıxışında ölkələrimiz arasında münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı da fikirlərini bölüşüb.
Birol Akgün Türkiyənin Azərbaycanda səfiri kimi fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən ATXƏM sədri İlham İsmayılov bu cür vacib görüşün təşkilinə görə Birol Akgünə təşəkkürünü bildirib. İlham İsmayılov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri xalqlarımızı biri-birinə daha da yaxınlaşdırıb. ATXƏM sədri son dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayıb.
Tədbirdə çıxış edən ATXƏM İB-in icra katibi Səadət Ramazanlı, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İB-nin sədri Rauf Zeyni və “İnkişafa və İslahatlara Dəstək” İB-nin sədri Ramil Əliyev xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsi üçün bu cür görüşlərin əhəmiyyətinin böyük olduğunu qeyd ediblər.
Daha sonra, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rzazadə, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı çıxış edərək tarix boyu mövcud olmuş Azərbaycan Türkiyə dostluğu, eyni zamanda iki dövləti birləşdirən mənəvi dəyərlər haqqında ətraflı məlumat veriblər.
Tədbirdə çıxış edən media nümayəndələri – Bizim.Media informasiya portalının baş redaktoru Anar Tahirov, “LAF TV”-nin rəhbəri Ləman Ələşrəfqızı və “Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin mənəvi dəstəyinin əhəmiyyətindən bəhs ediblər.
Onlar Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının regionda sabitlik və rifah baxımından vacib olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.