Ağstafada məktəbli bıçaqlanıb Hadisə

Ağstafada məktəbli bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin şagirləri arasında mübahisə düşüb. Mübahisə zamanı şagirlərdən biri digərinə bıçaqla xəsarət yetirib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, aprelin 9-da tənəffüs zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib: "Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir".

Qeyd edilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür: "Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.