Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub Hadisə

Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Urfan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə ittiham olunduğu iki maddə üzrə bəraət verilib, o, 1 il 10 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində olan polis nəzarətində olma qətimkan tədbiri ev dustağlı ilə əvəz olunub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz online qumar və mərc oyunları təşkil edib.

İttihamda qeyd olunub ki, yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsi 29 milyon manatdan artıq olub.

O, bu yolla 3 milyon manatdan artıq qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmada təqsirləndirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) ittiham irəli sürülüb.