Həlak olan hərbçi xanımın atası ilə bağlı şok məlumat Hadisə

Həlak olan hərbçi xanımın atası ilə bağlı şok məlumat

Bu gün Kəlbəcərdə baş verən qəzada hərbi qulluqçumuz İlahə Şahverdiyeva həlak olub. Bir il əvvəl cavan oğlunu itirmişdi. Bu gün də özü həlak oldu... Səhifəsində oğlu və şəhid atası ilə bağlı ürəkparçalayan paylaşımları var. Görüşünə tələsdiyi doğmalarına qovuşdu.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Zahid Nurəliyev sosial şəbəkə hesabında yazıb.

"Yeri gəlmişkən, İlahə xanım Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.

Bayaq xəbəri dəqiqləşdirmək üçün Laçın ağsaqqallarından Qəzənfər müəllimlə danışdım. İsrafil Şahverdiyev haqqında maraqlı bir hadisə danışdı. Bir dəfə İsrafil polis rəisindən icazəsiz ermənilərlə döyüşə gedib. Gələndə rəis onu danlayıb, deyib niyə icazəsiz döyüşə getmisən. İsrafil Şahverdiyev deyib ki, komandir, məni nənəm böyüdüb, uşaq vaxtı başımı sinəsinə qoyurdum, bir döşü yox idi, bir dəfə soruşdum bu haqda, nənəm dedi ki, o, vaxt ermənilər kəsib. Deyir, komandir, nənəmin qisasını almağa getmişdim...

Şəhid jurnalist Salatın Əsgərovanın qisasının alınmasında da İsrafil Şahverdiyevin böyük rolu olub.

Allah bu qəhrəman ailənin bütün dünyadan köçənlərinə rəhmət eləsin!”, - o qeyd edib.