Ona bənzərsiz uğurlar arzulayıram... Hadisə

Ona bənzərsiz uğurlar arzulayıram...

Bu dəfə sizə Ağsu rayonunun Kalva kəndində dünyaya gələn bir rəssam haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə onu deyim ki, qəhrəmanımın doğulub böyüdüyü kəndin qəribə səslənən adı sizi çaşdırmasın. Bu ad türkcədəki "kalafa" sözündəndir. Bu da "çala, çökək, dərə" mənasını verir. Zarafat deyil, o, indiyədək Türkiyə, Cairo, Makedoniya, Koreya, İndoneziya, İspaniya, Çin, Misir kimi məşhur yerlərdə keçirilən müxtəlif rəsm müsabiqələrində dəfələrlə yer tutub, karikatura festivallarının, sərgilərin mükafatına layiq görülüb. Onun "Əsir qadın", "Qoyunotaranlar”, "Gələcəyin şəhəri", "Əsarət və məhəbbət", "Bülbül ilə natürmort", "Ağ buludun kölgəsində" adlı kətan üzərində yağlı boya ilə çəkdiyi əsərləri tamaşaçılar tərəfindən çox bəyənilib, yaxşı qarşılanıb...

Deyir ki:- “Mənim doğulub böyüdüyüm kənd dağların qoynunda yerləşir, bu baxımdan həmişə gözəlliklərin içərisində olmuşam. Məni rəssam edən həmin kənd oldu. Uşaqlıqdan rəssamlıqla bağlı bütün duyğularımı təbiətdən almışam. Buna görə “təbiət” adlı müəllimə minnətdaram. Təbiətlə bağlı obrazlarım gördüklərimin ifadəsidir. Bu gün Bakıda yaşasam da kəndimizə tez-tez gedirəm və hər dəfə oranı görəndə yeni bir əsər yaranır. Məndə bulud obrazı var. Misal üçün “Bulud altında çimən qadınlar” əsərində mən buludu obrazlaşıdırmışam, yəni burda bulud ayrıca obrazdır, fon deyil. Buluda xüsusi münasibətim var və məni təbiət hadisələri içərisində ən heyrətləndirən də odur...”

Bəli, o, 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. Orta təhsilini orada başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1997-ci ildə oranı bitirdikdən sonra, 1997–2000-ci illərdə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyub. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür...

“Uşaq olanda rəssamlıq məktəbinə qəbul olunmaqdan ötrü ürəyim gedirdi. Hesab edirdim ki, məktəbi oxuyandan sonra rəssam olacam. 1991-ci ildə gəldim Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə, qəbul ola bilmədim. Geriyə, kəndə qayıtdım. Atam mənim rəssam olmağımı istəmirdi, çəkdiklərimi də cırırdı. Baxmayaraq ki, atam özü müəllim, dünyagörüşlü insan idi, hər dəfə istehza ilə deyirdi ki, saqqalı uzun, cibi boş adamlara rəssam deyilir, get özünə başqa sənət tap. Niyə danım, o vaxt mənim içimdəki əsas istək isə kənddən çıxmaq idi. Gəlib ADPU-nun filologiya fakültəsinə qəbul olundum, sonra da dilçilik üzrə magistr oxudum. Amma ikinci kursda qəti fikir yarandı ki, institutu atıb, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gedim. Artıq rəssamlarla görüşmüşdüm, onların emalatxanalarında olmuşdum. Evdə bu qərarı pis qarşıladılar. Gördüm ki, təhsil almasalar da, dünya rəssamlığına böyük töhfələr verən, öz məktəblərini yaradanlar az olmayıb. Məsələn, fransız rəssamı Pol Sezan, Pol Qogen, Meksika rəssamı Frida Kahlo və s.. Belələri çoxdur. Məşhur xalçaçı rəssam Lətif Kərimov tələbələrinə deyərmiş ki, sərgilərdə heç bir rəssam diplomunu asmır, əsərini asır. Yeri gəlmişkən, Lətif Kərimov da heç bir təhsil almamışdı. Beləcə qərara gəldim ki, bu sahə üzrə təhsil almayacağam.”- söyləyir.

Bunun bir başqa səbəbi də olub. Tanıdığı bütün rəssamların əsərlərində oxşarlıq görüb. Görüb ki, hamısının iş üsulları, düşüncələri oxşardır. Düşünüb ki, hamısı bir məkdəbdən keçdiyi üçün, bu eyniliyi yaradan səbəb, onların aldıqları təhsildir. Və özünü bu qəlibdən qorumağa məcbur olub. Necə deyərlər, başqalarına oxşamaq istəməyib, özü olmağı arzulayıb.

Deyir ki:- “Bəlkə də rəssamlıq məktəbini qurtarsaydım, mənim fərdi məktəbim olmayacaqdı.
Üslub odur ki, min nəfərdən biri tamam ayrı yolla gedir. Alim Qasımov muğamda heç kimə bənzəmirsə, bu, məhz onun yoludur. Adam var ki, 70 il yazıb yaradır, amma üslubu yoxdur. Baxan kimi bilinir ki, bu filankəsin dəsti-xətti, ideyası, rəngidir. Şairdə, rəssamda, bəstəkarda da bu bilinir. Üslub yoxdursa sənət yoxdur, yaradıcı yoxdur, rəssam yoxdur...”

O, özündən öyrənməyə üstünlük verir. Axı rəssamın yaradıcılığı üçün fəlsəfilik, təkrarsızlıq başlıca amildir…

Bildinizmi kimdən danışıram? Yəqin ki, aranızda onu tanıyanlar da var. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan rəngkar, qrafik və karikaturaçı Soltan Soltanlıdan. Əsərləri beynəlxalq kataloqlarda yer alan və müxtəlif ölkələrdəki muzeylərdə, eləcə də özəl kolleksiyalarda saxlanılan bir rəssamdan...

Aprelin 16-sı Soltan Soltanlının növbəti ad günüdür, 49 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, çalışdığı sahədə bənsərsiz uğurlar, Səttar Bəhlulzadə məqamına yüksəlməsini arzulayıram...


Elman Eldaroğlu