Ağdam avtovağzal və dəmir yolu kompleksinin tikintisi tamamlanır Hadisə

Ağdam avtovağzal və dəmir yolu kompleksinin tikintisi tamamlanır

Ağdam avtovağzal və dəmir yolu kompleksinin tikintisi tamamlanma mərhələsindədir.

“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı Milli Biznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, işlərin növbəti ayın əvvəllərinə tam olaraq bitməsi nəzərdə tutulub:

“Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə bir yerdə çalışdığımız layihədir. Burada şəhərlərarası, rayonlararası marşrutlar və dəmir yolu stansiyası fəaliyyət göstərəcək”.

O qeyd edib ki, Ağdam-Xankəndi dəmir yolu xəttinin də layihələndirmə işlərinə başlanılıb:

“Bu il tikinti işlərinə də başlamaq fikrindəyik. Podratçı şirkət seçilib və mobilizasiya işləri davam edir. Bu, Ağdamdan Xankəndiyə qədər uzanan 27-28 kilometrlik dəmir yolu xəttidir. Biz əsasən mövcud dəhliz üzərindən dəmir yolu layihələndirilməsini davam etdiririk. 1979-cu ildə Xankəndiyə dəmir yolu xəttinin açılışı olub. Həmin istiqamətdə işləri aparırıq. Yalnız Xankəndi stansiyasının yerləşməsini bir qədər irəli, yəni şəhərin tam yaxınlığına qədər çəkmişik”.