Neft şirkətinin əməkdaşları selə düşdü: meyitləri tapıldı Hadisə

Neft şirkətinin əməkdaşları selə düşdü: meyitləri tapıldı

10:19

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Xalqcebhesi.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

***

Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

Xalqcebhesi.az xəbər verir ki, onlar 59 yaşlı Şirvan şəhər sakini Nurməmməd Qəhrəman oğlu Məmmədov və 63 yaşlı Salyan rayon sakini Etibar Hafiz oğlu Nağıyevdir.

Onların "Siyəzən Oil" neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

***

Şabranda sel nəticəsində həlak olan neftçilərin sayı 3-ə çatıb.

Məlumata görə, Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb.

Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında tapılıb.

Mərhumun seldə boğulduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.