“Çimnaz” sözü naz içində olan mənasını verir... Hadisə

“Çimnaz” sözü naz içində olan mənasını verir...

Çimnaz Mirzəzadə- 80

Atası- dilçi alim, türkoloq, filologiya elmləri doktoru, professor Hadı Mirzəzadə sağlığında indiki BDU-nun ümumi dilçilik kafedrasının dosenti vəzifəsində çalışırdı. Azərbaycan dilçiliyi tarixində öz yeri, öz üslubu, xüsusi mövqeyi olan elm adamlarından biri idi. Elm aləmində ciddiliyi, işgüzarlığı, məhsuldar yaradıcılığı ilə tanınırdı. Cəmi 57 il ömür sürüb. O, həm də Azərbaycan dilçiliyində bir elm sahəsi kimi tarixi qrammatikanın əsasını qoyub. Onun tələbələrindən akademik Tofiq Hacıyev yazırdı:- “Təməlini qoyduğu tarixi qrammatika elmimizi Hadi müəllimin bir bina kimi mərtə-ə-mərtəbə ucaltması mənim gözlərimin qarşısında olub. Hadi müəllim yığdığı dil tarixi nümunələrini təhlil edir, üzərində tədqiqat aparır və bunun üstündə tədrisini qururdu. Eyni zamanda da tədqiqatlarını dərs vəsaiti kimi çap etdirib tələbələrinə çatdırırdı...”

Allah rəhmət eləsin! Bu gün mən sizə onun qızı, Bakı Dövlət Universitetinin(BDU) Şərqşünaslıq fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çimnaz Mirzəzadə haqqında söhbət açmaq istəyirəm...

Çimnaz xanım 1945-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA akademik Ziya Büyadov adına Şərqşünaslıq İnsitutunun "Ərəb filologiyası" şöbəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb. Orada baş laborant vəzifəsindən böyük elmi işçi vəzifəsinə qədər yüksələ bilib. 1970-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olub və 1981-ci ildə "Azərbaycan toponimləri orta əsr ərəb coğrafi mənbələrində" adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 1992-ci ildən 2007-ci ilə kimi BDU-nun İlahiyyat fakültəsində müəllim, baş müəllim kimi ərəb dilindən dərs deyib. 2007-ci ildə İlahiyyat fakültəsinin "Dillər" kafedrasında dosent vəzifəsinə seçilib. 2009-2018-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışıb. Çalışdığı müddətdə ərəb dilindən mühazirə və məşğələ dərslərini apararaq kurs və buraxılış işlərinə rəhbərlik edib. Eyni zamanda BDU-nun İlahiyyat fakültəsinin Elmi Şurasının katibi, Fakültə Tədris-Metodik Şurasının sədri, İlahiyyat fakültəsinin "Elmi Məcmuəsi"nin redaksiya heyətinin üzvü olub. Hal-hazırda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru və BDU-nun Böyük Elmi Şurasının üzvüdür...

O qədər mehriban, mədəni xanımdır ki, hər bir hərəkəti ətrafına görk olur. Kübar davranışı, təmkinli rəftarı ilə seçilir. Nadir hallarda əsəbləşir və tez də sakitləşə bilir. Gözəl nitq qabiliyyəti var, fikirlərini aydın və səlist ifadə etməyi bacarır...

“Hər bir dilin lüğət tərkibi həmin dildə danışan xalqın tarixi, məişəti, mədəni səviyyəsi ilə əlaqədar sözləri özündə əks etdirən zəngin bir xəzinədir. Bu xəzinənin öyrənilməsi, orada olan incilərın aşkara çıxarılması, nəhayət həmin zənginliyin elm aləminə çatdırılması ədəbi dil baxımından dilçiliyin qarşısında duran mühüm vəzifələrdən biridir...”- söyləyir.

Onun indiyədək 60-dan artıq məqalə və tezisi, 3 monoqrafiyası, 8 kitabı çapdan çıxıb. Moskva, Sankt-Peterburq, Bişkek, Mahaçqala, Bakı və Şəki şəhərlərində keçirilən beynəlxalq və yerli seminar və konfranslarda elmi məruzələrlə çıxış edib...

Deyir ki:- “Bir dəfə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bir əlyazma nüsxəsi qarşıma çıxdı. Əlyazma otuz vərəqdən ibarət olan bir topludur; hər vərəq iki səhifəyə ayrılır. Topluda türk dilində iki məktub, ərəb dilində həftənin günlərinin xüsusiyyətlərinə dair nüsxə, fars dilində tibbə aid məqalələr, türk dilində şerilər, ərəb dilində fəlsəfəyə aid izahat, ərəb və fars dillərində “Duratu-n-nasixinə” əsərində olan çətin sözlərin siyahısı, bəzi qeydlər və nəhayət bir mənzum lüğət öz əksini tapıb. Qeyd olunan bu topluya daxil olan ikidilli (ərəbcə-türkcə) mənzum lüğət tərkibi prinsipinə görə diqqətimi daha çox cəlb etdi. Nüsxənin xətti, orfoqrafiyası və kağızının növü onun XIX əsrin birinci yarısına aid olduğuna ehtimal etməyə əsas verir. Qeyd etməliyəm ki, lüğət başlıqsız olsa da, tamdır. O, ənənəvi sözlərlə: “bi-smi-l-lahi ər-rəhmani-r-rəhim”lə başlanır və aşağıdakı sözlərlə: “Təmməm oldı bu kitabın yazısı” ilə bitir...”

Çimnaz xanım daha sonra fikirlərini davam etdirib söyləyir: “Bu lüğıtdə mənası türk dillərində geniş oxucuya məlum olan sözlərlə yanaşı, mənası az məlum olan sözlər də toplanıb. Misal üçün, ərəbcə “sittun” sözünün qarşısında “dülbənd” ekvivalenti verilib. Həmin sözlərin nə qədər bir-birinə uyğun gəlməsini izləmək üçün onların mənalarına fikir verək. “Sittun” sözünün mənalarından biri “parça”dır. Türk dilində dülbənd/dülbənt sözü iki komponentə ayrılır: dül və bənd/bənt. Bəzi alimlərin fikrinə görə, həmin söz hind dilində “əmmamənin bağları”na deyilir. Fars dilində isə “bənd”, “bağ” mənasında işlənir...”

Ümumiyyətlə, Çimnaz xanımın bu dediklərini anlamaqdan ötrü, gərək adamın ərəb-fars dillərindən anlayışı olsun. Axı hər hansı bir elm, onu bilənlər üçün daha maraqlı, daha sadə görünür. Məqsədim, bu gözəl xanımı oxuculara təqdim etmək, aprelin 24-də qeyd edəcəyi 80 illik yubileyi barədə məlumat vermək olduğu üçün, söhbətimi burada bitirirəm. Bəli, “Çimnaz” sözü naz içində olan mənasını verir. Görəsən, bu yubiley günündə az da olsa, onun nazını çəkə bildimmi?

80 yaşı mübarək olsun!

...Təbriklərinizi əsirgəməyin, dostlar...

Hörmətlə, Elman Eldaroğlu